Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyada 2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.

2018-01-11

Yanvar ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq məruzə edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2017-ci ildə qanunvericilikdən, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etmişdir. Ötən ildə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 6 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 12 qərarı ləğv etdirilmişdir.
Komissiya 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmişdir. Dövlət orqanlarında 642 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqədə iştirak etmək üçün 744 nəfər sənəd təqdim etmiş, test imtahanında iştirak etmiş 722 namizəddən 389-u müvəffəqiyyət qazanmış, onlardan 167-si vakant vəzifələrə təyin olunmuşdur. Ötən il Komissiyada 64 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilmiş, onlardan 22 nəfəri müvəffəqiyyət qazanmışdır.
Qanunvericiliyə uyğun olaraq test imtahanlarında uğur qazanmış 394 nəfərə Sertifikat verilmişdir. Həmçinin müvafiq dövlət orqanlarında 25 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə Komissiyanın nümayəndəsinin iştirakı təmin edilmişdir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilmiş, Naxçıvan Muxtar Respublikasının Ədliyyə, Fövqəladə Hallar və Vergilər nazirliklərində vakant vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak edən 80 namizəddən 38-i test imtahanlarında müvafiq keçid balını toplamışdır. 2017-ci ildə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 5 namizəddən 1-i vakant vəzifələrə təyin edilmişdir.
Ötən ildə muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi işləri davam etdirilmişdir. Hazırda dövlət orqanlarında 60 nəfər siyasi, 1936 nəfər inzibati və 525 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 28,5 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir. Mərkəzi təşkilatlarda ən aşağı orta yaş həddi (27,3 yaş) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində, ən yuxarı orta yaş həddi isə (44,5 yaş) Kənd Təsərrüfatı Nazirliyində qeydə alınmışdır. 2017-ci il ərzində 14 dövlət qulluqçusu fəxri ad və medallarla təltif edilmiş, 25 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunmuşdur.
2017-ci il ərzində test imtahanlarında iştirak etmiş 866 nəfərə Komissiya tərəfindən elektron xidmət göstərilmişdir. İl ərzində Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmışdır. Qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq yeni qapalı və açıq tipli test tapşırıqları hazırlanmış, 600 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilmiş və test bankına daxil edilmişdir. Bundan başqa, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması və dövlət qulluğunun xüsusi növü üzrə test imtahanlarının keçirilməsi məqsədilə 8400 test sualının hazırlanması üçün müqavilə bağlanılmışdır.
Yeni Əsasnaməyə uyğun olaraq Komissiyada 56 nəfərin iştirakı ilə dövlət qulluğu və miqrasiya orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil edilmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində ayda iki dəfə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən açıq dərslər keçirilmiş, istehsalat təcrübəsi təşkil olunmuşdur.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər diqqət mərkəzində saxlanılmış, keçirilən 4 seminarda ümumilikdə, inzibati vəzifə tutan 205 dövlət qulluqçusu iştirak etmişdir. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmişdir deyən İsmayıl Qəribli bildirmişdir ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmişdir.
2017-ci ildə muxtar respublikanın 53 dövlət orqanı üzrə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, 167 nəfərin (11 %) fəaliyyəti əla, 949 nəfərin (62,3 %) yaxşı, 388 nəfərin (25,5 %) kafi və 18 nəfərin (1,2 %) xidməti fəaliyyəti qeyri-kafi kimi qiymətləndirilmişdir.
Sonra Komissiyanın şöbə müdirləri Samiq Salayev və Mahir Abbasov, sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.
Kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vurub.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 11
Bu gün: 43
Bu ay: 43
Ümumi: 655617

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.