Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ YANINDA
DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYA

QƏRAR
№ 7
Naxçıvan şəhəri                  5 fevral 2016-cı il

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət
qulluqçularının etik davranış Qaydaları”nın
təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.8-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

QƏRARA ALIR:

1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli bu Qərarın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Komissiyanın sədri tərəfindən həyata keçirilsin.

Sədr:                                  İsmayıl Qəribli



Naxçıvan    Muxtar   Respublikası   Ali
Məclisinin     Sədri    yanında     Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın
2016-cı   il   5 fevral   tarixli   7  nömrəli
qərarı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən
dövlət qulluqçularının etik davranış Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (bundan sonra – Komissiya) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Komissiyada qulluq keçən dövlət qulluqçusu (bundan sonra – dövlət qulluqçusu) öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.
1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Komissiyanın nüfuzunun artırılması, Komissiyaya və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Komissiyada korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Komissiyanın və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.
1.4. Dövlət qulluqçularının etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı təminatlar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) və bu Qaydalarla tənzimlənir.

2. Dövlət qulluqçularının etik davranış prinsipləri

2.1. Dövlət qulluqçularının etik davranış prinsipləri:
2.1.1. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət prinsipi – Dövlət qulluqçusu unutmamalıdır ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir. Dövlət qulluqçusu insanların hüquq və azadlıq¬larını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə dövlət qulluqçularının şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. Dövlət qulluqçusu həmçinin hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
2.1.2. Qanunçuluq prinsipi - Dövlət qulluqçusu vəzifələrinin icrası zamanı Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarının və qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.
2.1.3. Vicdanlı davranış prinsipi - Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmaqla şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.
2.1.4. Loyallıq prinsipi - Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda Komissiyanın və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Dövlət qulluqçusu hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Komissiyanın və dövlət qulluqçusunun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Dövlət qulluqçusu ümumqəbulolunmuş milli əxlaq normalarına əməl etməlidir.
2.1.5. Mədəni davranış prinsipi - Dövlət qulluqçusu ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Dövlət qulluqçusu peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Dövlət qulluqçusu səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
2.1.6. Qərəzsizlik prinsipi - Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
2.1.7. İctimai etimad prinsipi -> Dövlət qulluqçusu Azərbaycan Respublika-sının, Komissiyanın və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluqçusu adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Dövlət qulluqçusu Komissiyanın və dövlət qulluğunun adına xәlәl gәtirә bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn çәkinmәlidir. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Dövlət qulluqçusu Komissiyanın və Komissiyanın vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
2.1.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - Dövlət qulluqçusu öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər vəzifə tutan dövlət qulluqçuları həmçinin, tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Komissiyaya və bütövlükdə dövlət qulluğuna hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
2.1.9. Əmlakdan və məlumatlardan xidməti vəzifələrin icrası ilə əlaqədar istifadə prinsipi – Dövlət qulluqçusu qənaətlə və səmərəli şəkildə istifadə etdiyi dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqlar naminə və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidirlər. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməli, Komissiyanın sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
2.1.10. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi prinsipi – Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr, sərəncam və tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmin olduğu, bu barədə rəhbərinə yazılı məlumat verməsinə baxmayaraq birbaşa və ya yuxarı rəhbər tərəfindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və tapşırıqları yerinə yetirməkdən imtina edə bilər.

3. Dövlət qulluqçularının korrupsiyaya qarşı davranışı

3.1. Dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət göstərən dövlət qulluqçusu buna görə hər hansı haqq tələb edə bilməz.
3.2. Dövlət qulluqçusu qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusundan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər akt üzrə təhvil verilməlidir.
3.3. Qonaqpərvərliklə və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəyərinin ümumi məbləği 1 il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hallar istisna olmaqla, heç bir əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Heç kəsdən şəxsi istifadəsi məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istənilə bilməz. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
3.4. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq Komissiyaya qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə Komissiyanın rəhbərinə məlumat verməyə borcludur. Dövlət qulluqçusuna başqa işə keçmə ilə əlaqələr edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə öz rəhbərinə əvvəlcədən məlumat verməlidir. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

4. Dövlət qulluqçusunun xidməti davranışı

4.1. Dövlət qulluqçusunun xidməti davranışına aid tələblər aşağıdakılardır:
4.1.1. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;
4.1.2. vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli, vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalı;
4.1.3. nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbrlə dinləməli;
4.1.4. dövlət qulluqçularının və vətəndaşların fikirlərinə hörmətlə yanaşmalı;
4.1.5. zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;
4.1.6. birgə və ya digər dövlət qulluqçusu tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməli;
4.1.7. digər dövlət qulluqçusunun xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;
4.1.8. хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;
4.1.9. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə hallarına) yol verməməli;
4.1.10. icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməli;
4.1.11. alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalı;
4.1.12. xidməti zərurətlə bağlı hallar istisna olmaqla, rəhbərliyin müəyyən etdiyi qaydada geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalı;
4.1.13. siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifə¬¬lərin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməli;
4.1.14. aralarında yaranan mübahisələrin Komissiyanın və dövlət qulluqçusunun nüfuzuna xələl gətirməsinə yol verməməli;
4.1.15. хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməli;
4.1.16. kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli;
4.1.17. dövlət qulluqçularına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli;
4.1.18. rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, dövlət qulluqçusunun nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;
4.1.19. öz məqsəd və mənafeləri üçün digər dövlət qulluqçusunu onun hər hansı hərəkətinə görə təhdid etməməli;
4.1.20. qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməli;
4.1.21. rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları ilə qulluq münasibətlərində tabeçilik qaydalarına və subordinasiyaya riayət etməli;
4.1.22. verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;
4.1.23. xidməti vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;
4.1.24. xidməti vəzifələri ilə əlaqədar olan mәsәlәlәr üzrə göstərdiyi köməyin vә ya verdiyi məsləhətin müqabilində haqq almamalı;
4.1.25. dövlət orqanlarında qanunvericiliyin tətbiqinə və ya dövlət qulluqçularının etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda dövlət qulluqçusu araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməli;
4.1.26. namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən və ya müsahibənin digər prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda müsahibə qrupunun (komissiyasının) üzvü olan dövlət qulluqçusu həmin müsahibədən kənarlaşdırılması məqsədilə rəhbərliyə məlumat verməli;
4.1.27. xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməli;
4.1.28. xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və sair qəbul etməməli, bu barədə dərhal bilavasitə rəhbərinə məlumat verməli;
4.1.29. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməli;
4.1.30. irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməli;
4.1.31. şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli;
4.1.32. işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli;
4.1.33. özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının Komissiyada qulluq keçən hər hansı dövlət qulluqçusu tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməli;
4.1.34. qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməli;
4.1.35. verilmiş tapşırığın qeyri-etik, hüquqa zidd olduğunu hesab etdiyi halda dərhal tapşırığı vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb həmin tapşırığı aydınlaşdırmalı;
4.1.36. xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;
4.1.37. mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməli;
4.1.38. dövlət orqanının fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;
4.1.39. dövlət qulluqçusu zərurət olmadan nəqliyyat, xidmət və digər sahələrdə hər hansı üstünlük əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli;
4.1.40. dövlət qulluqçusu xüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğlәrdә borclarının yaranmasına yol vermәmәli;
4.1.41. dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan sui-istifadə və boş yerə istifadə etməməli (xidməti avadanlıqdan az (nadir hallarda) və kiçik həcmdə şəxsi məqsədlər üçün istifadə edilə bilər);
4.1.42. dövlət orqanının rəsmi e-mailindən yalnız rəsmi istifadə üçün istifadə etməli.

4.2. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına aid əlavə tələblər aşağıdakılardır:
4.2.1. tabelikdə olanların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli;
4.2.2. tabelikdə olanlara icrası mümkün olmayan tapşırıqlar verməməli;
4.2.3. tabelikdə olanlara verilmiş tapşırıqların icrası ilə bağlı mütəmadi olaraq maraqlanmalı, onlara metodik köməklik göstərməli, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməli;
4.2.4. Komissiyanın və struktur bölmənin fəaliyyəti ilə bağlı tabeliyində olanların qanunvericiliyə uyğun və Komissiyanın nüfuzunun artırılması məqsədilə verdikləri təklifləri öyrənməli, dövlət qulluqçuları tərəfindən verilmiş təkliflərə hörmətlə yanaşmalı;
4.2.5. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;
4.2.6. xidməti fəaliyyəti ilə bağlı tabelikdə olanların kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməli;
4.2.7. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik dilemmalar barədə tabelikdə olanları qabaqcadan məlumatlan-dırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;
4.2.8. tabeliyində olan dövlət qulluqçularına xidməti fəaliyyətini keyfiyyətlə icra etməyə və özlərini inkişaf etdirməyə imkan verən normal iş şəraiti yaratmalı;
4.2.9. tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
4.2.10. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;
4.2.11. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkilik aparmamalı, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;
4.2.12. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı;
4.2.13. tabelikdə olanlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməli;
4.2.14. öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı;
4.2.15. rəsmi ləvazimatlardan sui-istifadə hallarına yol verməməli.

5. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

5.1. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.
5.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Komissiyanın sədri tərəfindən Mühasibat və ümumi işlər sektoru vasitəsilə həyata keçirilir.
5.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:
5.3.1. dövlət qulluqçularının xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;
5.3.2 dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalı;
5.3.3. rəhbər vəzifə tutan dövlət qulluqçuları tərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməli;
5.3.4. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməli;
5.3.5. dövlət qulluqçularına etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;
5.3.6. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməli;
5.3.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır.
5.4. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
5.5. Aşağıdakı hallarda Komissiya sədrinin göstərişi əsasında Mühasibat və ümumi işlər sektoru dövlət qulluqçusu barəsində intizam icraatına başlaya bilər:
5.5.1. Qanunun və ya bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
5.5.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən Qanunun və ya bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
5.6. Etik davranış qaydalarının müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.
5.7. Aparılmış intizam icraatının nəticələri Komissiya sədrinə təqdim edilir. Qanunun və ya bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Komissiya sədri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.
5.8. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Komissiyanın sədri bu barədə cinayət təqibini həyata keçirən orqana məlumat verir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 322
Bu gün 121
Ümumi 30246
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.