Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ YANINDA
DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYA

QƏRAR
№ 4
Naxçıvan şəhəri                  5 fevral 2016-cı il

“Müsahibənin nəticəsindən narazı qalan şəxslərin
apellyasiya şikayətinə baxılması Qaydaları”nın
təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.8-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

QƏRARA ALIR:

1. “Müsahibənin nəticəsindən narazı qalan şəxslərin apellyasiya şikayətinə baxılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli bu Qərarın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Komissiyanın sədri tərəfindən həyata keçirilsin.

Sədr:                                  İsmayıl Qəribli



Naxçıvan    Muxtar   Respublikası   Ali
Məclisinin     Sədri    yanında     Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın
2016-cı   il   5 fevral   tarixli   4  nömrəli
qərarı ilə təsdiq edilmişdir

Müsahibənin nəticəsindən narazı qalan şəxslərin
apellyasiya şikayətinə baxılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticəsindən narazı qalan namizədlərin apellyasiya komissiyasına şikayət verməsi, apellyasiya şikayətinə baxılması və qərar qəbul edilməsi qaydalarını müəyyən edir.
1.2. Apellyasiya şikayətinə qanunçuluq, obyektivlik və bərabərlik prinsipləri əsasında baxılır. Apellyasiya komissiyasının işinə müdaxilə yolverilməzdir.

2. Apellyasiya komissiyasının təşkili və apellyasiya şikayətinə baxılması

2.1. Apellyasiya şikayətinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra-Komissiya) sədri tərəfindən apellyasiya komissiyası təşkil edilir. Apellyasiya komissiyası sədr və digər 4 üzvdən ibarətdir.
2.2. Apellyasiya komissiyasının sədri apellyasiyanın ədalətli və obyektiv keçirilməsini təmin etməlidir.
2.3. Apellyasiya şikayətinə baxılması üçün apellyasiya komissiyasının azı 3 üzvü iştirak etməlidir. Apellyasiya komissiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən katib tərəfindən protokol tərtib edilir.
2.4. Apellyasiya komissiyasının üzvü nəticəsindən şikayət verilən müsahibədə müsahibə komissiyasının üzvü olduqda apellyasiya komissiyasının üzvü kimi apellyasiya şikayətinə baxılmasında iştirak edə bilməz.
2.5. Namizəd müsahibənin nəticəsi Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış ona verildiyi gündən 5 iş günü müddətində apellyasiya komissiyasına şikayət verə bilər.
2.6. Şikayətdə şikayətçinin adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer və şikayətin yazıldığı tarix göstərilməli, həmçinin şikayət həmin şəxs tərəfindən imzalanmalıdır.
2.7. Apellyasiya şikayətinə 7 iş günü müddətində Komissiyanın inzibati binasında baxılır və müvafiq qərar qəbul edilir.
2.8. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə ən azı 2 gün əvvəlcədən namizədə və dəvət edilmiş müsahibə komissiyasının üzvünə (üzvlərinə) məlumat verilir.
2.9. Namizəd tərəfindən verilmiş apellyasiya şikayəti onun iştirakı ilə araşdırılır.
2.10. Apellyasiya komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, yaxud apellyasiya şikayətinə baxılması prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda özü özünə etiraz edir. Namizəd qeyd olunan halları əsaslandırmaqla, apellyasiya komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
Apellyasiya şikayətinə baxılmasına başlanarkən apellyasiya komissiyasının sədri komissiya üzvlərindən öz üzvlükləri barədə bu bənddə nəzərdə tutulmuş etirazlarının olub-olmamasını soruşur.
2.11. Appellyasiya şikayətinə baxılarkən namizəd apellyasiya komissiyasının üzvlərinə və apellyasiya şikayətinə baxılmasında iştirak edən digər şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdikdə və ya apellyasiya şikayətinə baxılmasına maneçilik etdikdə apellyasiya komissiyasının sədri tərəfindən xəbərdarlıq edilə və ya apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıla bilər. Namizəd apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıldıqda apellyasiya şikayətinə onun iştirakı olmadan baxılır.
2.12. Apellyasiya şikayətinə baxılarkən namizədin şəxsi işi, video çəkiliş (çəkiliş aparıldıqda), “Namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” və “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”, habelə digər zəruri sənədlər apellyasiya komissiyasına təqdim edilir. Apellyasiya komissiyası zərurət olduqda müsahibə komissiyasının üzvünü (üzvlərini), müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsi (şəxsləri) və müvafiq sahə üzrə mütəxəssisi (mütəxəssisləri) apellyasiya şikayətinə baxılmasına dəvət edə bilər.
2.13. Apellyasiya komissiyasında araşdırma aşağıdakı qaydada keçirilir:
2.13.1. namizədin apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;
2.13.2. namizədə aid olan və müsahibənin keçirilməsi ilə bağlı olan zəruri sənədlər nəzərdən keçirilir;
2.13.3. zərurət olduqda müsahibənin video çəkilişinə (çəkiliş aparıldıqda) baxılır;
2.13.4. dəvət edilmiş müsahibə komissiyasının üzvü (üzvləri) və müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsin (şəxslərin) apellyasiya şikayətinə dair mülahizələri dinlənilir;
2.13.5. digər zəruri hallar araşdırılır.
2.14. Müsahibə komissiyasının üzvü (üzvləri) namizəd barədə verdiyi qiyməti əsaslandırmalıdır.

3. Qərar qəbul edilməsi

3.1. Apellyasiya komissiyası tərəfindən qərar qəbul edilərkən yalnız apellyasiya komissiyasının üzvləri iştirak edir. Qərar apellyasiya komissiyası üzvlərinin açıq səsverməsi yolu və sadə səs çoxluğu ilə qəbul edilir və imzalanır. Apellyasiya komissiyası üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.
3.2. Apellyasiya komissiyası araşdırma nəticəsində aşağıdakı qərarlardan birini qəbul edir:
3.2.1. müsahibənin nəticəsini qüvvədə saxlayır;
3.2.2. müsahibənin nəticəsini ləğv edir.
3.3. Müsabiqənin nəticəsi ləğv edildikdə, habelə səsvermə zamanı səslər bərabər olduqda qanunvericiliyə uyğun olaraq yeni tərkibdə müsahibə komissiyası yaradılmaqla müsahibə yenidən keçirilir.
3.4. Apellyasiya komissiyası həmçinin müsahibənin nəticəsini ləğv edərək namizədin aşağı təsnifat vəzifəyə uyğun hesab edilməsi haqqında qərar qəbul edə bilər.
3.5. Qərar namizədə 3 iş günü müddətində verilir. Namizəd apellyasiya komissiyasının qərarından məhkəməyə şikayət verə bilər.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 679
Bu gün 364
Ümumi 46719

Başlanma tarixi: 01 fevral 2018




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı