Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Sənədin elektron variantı

                                                                               

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ YANINDA
DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYA
QƏRAR
№ 6

                                 Naxçıvan şəhəri                                                                                      5 fevral 2016-cı il

“Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına
uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.8-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

QƏRARA ALIR:

1. “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli bu Qərarın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2011-ci il 10 may tarixli 24/i nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” ləğv edilsin.

4. Bu Qərarın icrasına nəzarət Komissiyanın sədri tərəfindən həyata keçirilsin.

Sədr:                                                           İsmayıl Qəribli

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya-
nın 2016-cı il 5 fevral tarixli 6 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması
QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar dövlət orqanlarında inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması üçün keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vəzifəyə təyin edilməmiş namizədlərin ehtiyat kadrlar siyahısına (bundan sonra - siyahı) daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması qaydalarını tənzimləyir.
1.2. Ehtiyat kadrların formalaşdırılmasının məqsədi müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıya daxil edilmiş namizədlərin (bundan sonra - ehtiyat kadrlar) müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.
1.3. Ehtiyat kadrların formalaşdırılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra - Komissiya) dövlət qulluğunda kadr siyasətinin həyata keçirilməsi istiqamətində apardığı işin tərkib hissəsidir.
1.4. Ehtiyat kadrların formalaşdırılması Komissiya sədrinin tapşırığı ilə Komissiyanın müvafiq struktur bölməsi tərəfindən həyata keçirilir.

2. Əsas prinsiplər

2. Ehtiyat kadrların formalaşdırılması qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir:
2.1.1. Qanunçuluq - ehtiyat kadrların formalaşdırılması zamanı dövlət qulluğu sahəsində qanunvericiliyin, habelə bu Qaydaların tələblərinə ciddi əməl edilməsini nəzərdə tutur;
2.1.2. Bərabərlik - bütün ehtiyat kadrların irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak və qulluq vəziyyətindən, dinə münasibətindən, əqidəsindən, siyasi partiyaya, ictimai və ya digər birliyə mənsubiyyətindən asılı olmayaraq ehtiyat kadrların formalaşdırılması ilə əlaqədar eyni hüquqlara malik olması və eyni vəzifələr daşımasını, həmçinin bütün ehtiyat kadrların eyni qaydada siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılmasını nəzərdə tutur;
2.1.3. Şəffaflıq və aşkarlıq - ehtiyat kadrların siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması barədə ictimaiyyətin məlumatlandırılması, siyahının və onda olan dəyişikliklərin Komissiyanın rəsmi internet saytında yerləşdirilməsini nəzərdə tutur.

3. Namizədin ehtiyat kadrlar siyahısına daxil edilməsi

3.1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanına təqdim edildikdə, 10 iş günü müddətində dövlət orqanı tərəfindən vəzifəyə təyin edilmiş namizəd barədə müvafiq qərarın surəti və təyin edilməmiş namizədlərin şəxsi işləri Komissiyaya təqdim edilir.
3.2. Şəxsi işi qaytarılmış namizəd Komissiya sədrinin qərarı ilə siyahıya daxil edilir. Həmin siyahı Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir.
3.3. Ehtiyat kadr 2 il müddətində siyahıda saxlanılır. Həmin müddət bu haqda qərarın qəbul edildiyi gündən başlayır.
3.4. Siyahıda ehtiyat kadr və onun peşə göstəriciləri haqqında zəruri hesab edilən məlumatlar göstərilir.
3.5. Siyahı Azərbaycan Respublikasının dövlət dilində aparılır.
3.6. Namizədin siyahıya daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.
3.7. Ehtiyat kadrın müraciəti əsasında ona siyahıya daxil edilməsi haqqında Komissiya tərəfindən müvafiq arayış verilir.

4. Ehtiyat kadrlarla işin aparılması

4.1. Ehtiyat kadrlarla işin aparılması aşağıdakı tədbirlərin həyata keçirilməsindən ibarətdir:
4.1.1. şəxsi işlərin aparılması;
4.1.2. dövlət qulluğunun kadr ehtiyatlarının idarə edilməsi ilə bağlı müvafiq təlimlərin keçirilməsi;
4.1.3. ehtiyat kadrların razılığı nəzərə alınmaqla müxtəlif dövlət orqanlarının struktur bölmələrində Komissiya tərəfindən müəyyən edilmiş müddətlərdə haqqı ödənilməyən könüllü fəaliyyətin təşkil edilməsi.
4.2. Bu Qaydaların 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş şəxsi işlərin aparılması aşağıdakılardan ibarətdir:
4.2.1. şəxsi işləri mühafizə etmək, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görmək;
4.2.2. ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış etmək;
4.2.3. ehtiyat kadrın müraciəti əsasında onun şəxsi işində müvafiq dəyişikliklər aparmaq.

5. Ehtiyat kadrın vəzifəyə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsi


5.1. Ehtiyat kadr vakant vəzifəyə təyin edilmə üçün dövlət orqanına aşağıdakı əsaslarla təqdim edilir:
5.1.1. Komissiyanın təşəbbüsü ilə;
5.1.2. dövlət orqanının müvafiq müraciəti əsasında.
5.2. Bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş əsaslar olduqda, Komissiya ehtiyat kadrın peşəkar göstəricilərinin hər hansı dövlət orqanında yaranmış vakant vəzifənin tutulması şərtlərinə uyğun olması qənaətinə gələrsə, bir və ya bir neçə ehtiyat kadrın şəxsi işini və ya onlar haqqında qısa məlumatları dövlət orqanına təqdim edir.
5.3. Vakant vəzifəyə təyin edilmək üçün ehtiyat kadrların şəxsi işləri və ya onlar haqqında qısa məlumatlar dövlət orqanına təqdim edildikdə, dövlət orqanının rəhbəri 10 iş günü müddətində ehtiyat kadrlardan birinin vəzifəyə təyin edilməsi barədə qərar qəbul edir. Həmin müddətdə vəzifəyə təyin edilmiş ehtiyat kadr barədə müvafiq əmrin surəti və təyin edilməmiş ehtiyat kadrların şəxsi işləri və ya onlar haqqında qısa məlumatlar Komissiyaya təqdim edilir.

6. Ehtiyat kadrın siyahıdan çıxarılması

6.1. Ehtiyat kadrın siyahıdan çıxarılması aşağıdakı hallarda həyata keçirilir:
6.1.1. siyahıda saxlanılma müddəti bitdikdə;
6.1.2. bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;
6.1.3. ehtiyat kadr təklif edilmiş vəzifədən imtina etdikdə;
6.1.4. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
6.1.5. öz arzusu ilə yazılı müraciəti olduqda;
6.1.6. vəfat etdikdə;
6.1.7. məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.
6.2. Bu Qaydaların 6.1.6-cı və 6.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla siyahıdan çıxarılmış şəxsə Komissiya tərəfindən yazılı məlumat verilir.

7. Yekun müddəa

7.1. Namizədlərin siyahıya daxil edilməsi, idarə edilməsi və həmin siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər mütəmadi olaraq Komissiyanın internet saytında işıqlandırılır.

Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 679
Bu gün 363
Ümumi 46718

Başlanma tarixi: 01 fevral 2018




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı