Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

“Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında son illərdə müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildən başlayaraq dövlət qulluğunun qanunvericilik bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər sosial hüquqlarının təmin edilməsi işinin yaxşılaşdırılması məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Eyni zamanda, 2003 -2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının və Avropa İttifaqının TACİS proqramının Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və 12 nazirlikdə rəhbər kadrlar və dövlət qulluqçuları haqqında məlumatları əhatə edən vahid informasiya sisteminin yaradılması üzrə müəyyən iş aparılmışdır.
Bu sahədə görülən işlərin genişləndirilməsi və sürətləndirilməsi məqsədilə və Azərbaycan Respublikasının dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq standartlara uyğun idarə olunması və ondan səmərəli istifadə edilməsi üçün qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri yaradılsın.
2. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün lazımi tədbirlər görsünlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
4.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin tərtib edilməsi və aparılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;
4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2006-cı il
№ 420


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 21 iyun tarixli 420 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması

QAYDALARI 1

I. ÜMUMİ MÜDDƏALAR



1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin (bundan sonra “Dövlət Reyestri” adlandırılacaqdır) tərtib edilməsi və aparılması, ondan istifadə və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

2. Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır.

3. Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir.

4. Dövlət Reyestrinin idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsi xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

5. Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır.

6. Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət orqanlarının rəsmən təqdim etdikləri kağız və elektron daşıyıcılardakı məlumatlar əsasında aparılır. Kağız və elektron daşıyıcılarda təqdim olunan məlumatların formasını Dövlət Reyestrini aparan dövlət orqanı müəyyən edirlər.

7. Dövlət Reyestri Azərbaycan Respublikasının mülkiyyətidir və onun aparılması dövlət büdcəsi hesabına maliyyələşdirilir.

8. Dövlət Reyestrində saxlanılan məlumatların əldə olunması, işlənməsi, mühafizəsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudlaşdırılan informasiya kateqoriyasına şamil edilən tələblərə uyğun həyata keçirilir. Bu tələbləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

II. DÖVLƏT REYESTRİNİN TƏRTİB EDİLMƏSİ QAYDALARI

9. Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında aşağıdakı əsas məlumatlar daxil edilir:
9.1. Dövlət qulluqçusunun fərdi eyniləşdirmə nömrəsi;
9.2. Soyadı, adı, atasının adı;
9.3. Cinsi;
9.4. Doğulduğu tarix və yer;
9.5. Dövlət orqanının və vəzifəsinin adı;
9.6. Əmək fəaliyyəti;
9.7. Dövlət qulluğunu keçməsi;
9.8. Dövlət qulluğunun ixtisas dərəcəsi;
9.9. Təhsili;
9.10. Əlavə təhsili;
9.11. Elmi dərəcə və elmi adları;
9.12. Dövlət təltifləri;
9.13. Seçkili orqanların işində iştirakı;
9.14. Əlavə məlumatlar;
9.15. Əlaqə saxlamaq üçün məlumatlar.

10. Dövlət Reyestrində toplanan məlumatların dolğunluğunu təmin etmək məqsədilə dövlət qulluqçusu haqqında təqdim olunan məlumatlar aşağıdakı tələblərə cavab verməlidir:

10.1. Məlumatlarda göstərilən bütün tarixlər gün, ay və il ardıcıllığı ilə rəqəmlə (məsələn, “23.03.2006” şəklində) ifadə edilməlidir.

10.2. Dövlət qulluqçusunun fərdi eyniləşdirmə nömrəsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Dövlət Reyestrini aparan dövlət orqanları tərəfindən müəyyən edilən qaydada və Azərbaycan vətəndaşlarının fərdi uçotu sahəsində mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla yaradılır. Bu fərdi eyniləşdirmə nömrəsi məlumatların birmənalı fərqləndirilməsinə, təkrara yol verilməməsinə xidmət edir və dövlət qulluqçusunun iş yerindən asılı olmayaraq dəyişdirilmir.

10.3. “Doğulduğu tarix və yer” bölümündə dövlət qulluqçusunun doğulduğu yer onun anadan olduğu zaman mövcud olan inzibati ərazi bölgüsünə və adlara uyğun göstərilməlidir.

10.4. “Dövlət orqanının və vəzifəsinin adı” bölümündə dövlət qulluqçusunun hazırda qulluq keçdiyi dövlət orqanının və vəzifəsinin tam adı ilə yanaşı, bu orqanın kateqoriyası və vəzifənin təsnifatı göstərilməlidir.

10.5. 10.5. “Əmək fəaliyyəti” bölümündə məlumatlar dövlət qulluqçusunun əmək kitabçası və iş dövrünü təsdiq edən digər sənədlər əsasında (ali, orta ixtisas məktəblərində təhsil dövrü, hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) göstərilməlidir. Məlumatlarda hər qulluq keçmə yerinə aid dövr dəqiq tarixlə və bu dövrün dövlət qulluqçusunun vəzifədə qulluq stajına daxil edilib edilməməsi, idarə, təşkilat və müəssisələrin adları vaxtilə olduğu şəkildə və ixtisarlara yol vermədən qeyd edilməlidir.

10.6. “Dövlət qulluğunu keçməsi” bölümündə dövlət qulluqçusunun iştirak etdiyi test imtahanlarının və müsahibələrin tarixləri, nəticələri, onları keçirən qurumların adları, staj və sınaq keçmə dövrü, daimi dövlət qulluğuna qəbul edilmə tarixi, sonuncu əmək müqaviləsinin qüvvəyə minmə və qüvvədən düşmə tarixləri, xidməti fəaliyyətinin qiymətləndirilməsinin, sonuncu attestasiyasının tarixi və nəticələri, habelə sertifikatları barədə məlumatlar göstərilməlidir.

10.7. “Dövlət qulluğunun ixtisas dərəcəsi” bölümündə dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş son iki ixtisas dərəcəsinin adları, onların verilməsi haqqında sənədlərin nömrələri və tarixləri göstərilməlidir. Şəxsin prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, xarici işlər, sərhəd xidməti, vergi və digər orqanlar tərəfindən verilmiş xüsusi rütbələri olduqda onların verildiyi tarixlər və müvafiq sənədlərin nömrələri əlavə olaraq qeyd edilməlidir.

10.8. “Təhsili” bölümündə dövlət qulluqçusunun bitirdiyi təhsil müəssisələrinin və fakültələrin rəsmi adları, təhsil dövrü və formaları, ixtisas və peşələr diplomda yazıldığı kimi qeyd edilməlidir.

10.9. “Əlavə təhsili” bölümündə dövlət qulluqçusunun ixtisasartırma, təcrübə keçmə və s. proqramlarda iştirakı rəsmi sənədlər əsasında göstərilməlidir. Bu bölümdə proqramları təşkil edən qurumların və təhsil proqramının adları, əlavə təhsilin dövrü qeyd edilməlidir.

10.10. “Elmi dərəcə və elmi adları” bölümündə məlumatlar onları təsdiq edən rəsmi sənədlər əsasında göstərilməlidir. Məlumatlarda elmi dərəcənin və elmi adların verildiyi tarix və elmi istiqamət qeyd edilməlidir.

10.11. “Dövlət təltifləri” bölümündə dövlət qulluqçusunun Azərbaycan Respublikasının və digər ölkələrin dövlət təltifləri (orden və medalları), fəxri adları və onların verilmə tarixləri haqqında məlumatlar göstərilməlidir.

10.12. “Seçkili orqanların işində iştirakı” bölümündə dövlət qulluqçusunun yalnız qanunvericilik və yerli özünüidarəetmə orqanlarında seçkili vəzifə tutması haqqında məlumatlar göstərilməlidir.

10.13. “Əlavə məlumatlar” bölümündə dövlət qulluqçusunun işgüzar keyfiyyətlərini xarakterizə edən müxtəlif sənədlər, ehtiyat kadrların siyahılarına salınması haqqında qeydlər, dərc edilmiş elmi əsərlərin və kitabların adları, şəxsin yalnız sərbəst bildiyi xarici dillər, əmək (peşə) fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlərdə iştirakı və dövlət qulluğunu keçmə haqqında digər məlumatlar göstərilə bilər. Bu bölümə dövlət qulluqçusunun rəngli fotoşəkli də əlavə edilməlidir.

10.14. “Əlaqə üçün məlumatlar” bölümündə şəxsin iş telefon və faks nömrələri, elektron poçt ünvanı göstərilməlidir.

11. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

III. DÖVLƏT REYESTRİNİN APARILMASI QAYDALARI

12. Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir.

13. Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Aidiyyəti dövlət orqanı bu barədə məlumatları Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna on beş gün ərzində rəsmən təqdim etməlidir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir.

14. Aidiyyəti dövlət orqanları Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna hər ay rəsmi məlumat verməlidirlər. Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılmalıdır.

14-1. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur2.

IV. DÖVLƏT REYESTRİNDƏN İSTİFADƏ QAYDALARI

15. Dövlət orqanları öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə yazılı surətdə müraciət edirlər.

16. Dövlət qulluqçularının Dövlət Reyestrində yalnız özləri haqqında olan məlumatlarla fərdi qaydada sərbəst tanış olması və çatışmazlıqlar aşkar olunduqda müvafiq düzəlişlər edilməsi üçün bu məlumatları Dövlət Reyestrinə təqdim etmiş dövlət orqanına ərizə ilə müraciət etmək hüququ vardır.

17. Barəsində sorğu verilmiş məlumat və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab 7 gün ərzində verilməlidir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
  2. 7 iyun 2011-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti 10 iyun 2011-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 498)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 10.2-ci bəndinin ikinci cümləsində “iş” sözü “qulluq keçmə” sözləri ilə, 10.4-cü bəndində “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir və 10.5-ci bəndinin ikinci cümləsində “vəzifədə” sözü çıxarılmışdır.

2 7 iyun 2011-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti 10 iyun 2011-ci il, № 124) , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 498) ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na yeni məzmunda 14-1-ci bənd əlavə edilmişdir.

Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.