Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK
Fərmanlar

"Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Dövlət orqanlarının (qurumlarının) rəhbərləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 88, № 12, maddə 1241; 2009, № 6, maddə 419; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 804) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il
№ 527


Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 fevral tarixli 527 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Dövlət qulluqçusunun şəxsi işinin aparılması

Q A Y D A L A R I

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını müəyyən edir.
1.2. Dövlət qulluqçusunun şəxsi işi onun xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsi, potensial imkanlarının səmərəli istifadəsi və vəzifə borcunu yerinə yetirməsi zamanı qazandığı nəticələrin uçotunun aparılması məqsədilə tərtib olunur və aparılır.
1.3. Dövlət qulluqçusunun şəxsi işinə onun fərdi məlumatları və dövlət qulluğuna qəbul edilməsi, qulluq keçməsi, dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar olan məlumatlar daxil edilir.
1.4. Dövlət qulluqçusu üçün dövlət qulluğu keçdiyi dövrdə yalnız bir şəxsi iş tərtib edilir və aparılır.
1.5. Dövlət qulluqçusunun şəxsi işi dövlət orqanının kadr qurumu tərəfindən aparılır. Kadr qurumu dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir.
1.6. Dövlət qulluqçusunun şəxsi işi ilə tanış olmaq səlahiyyətinə onun özü, tabe olduğu rəhbər vəzifəli şəxslər və kadr qurumunda çalışan şəxslər malikdirlər.
1.7. Dövlət qulluqçusunun fərdi məlumatları şəxsin özündən alınır. Dövlət qulluqçusuna aid fərdi məlumatların digər mənbədən alınmasına “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq onun razılığı əsasında yol verilir. Bu bənddə nəzərdə tutulan tələblər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilən fərdi məlumatlara aid edilmir.
1.8. Dövlət qulluqçusuna aid fərdi məlumatlar açıq mənbələrdən daxil olduqda və ya dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edildikdə dövlət qulluqçusuna həmin məlumatların tərkibi və mənbəyi bildirilir.
1.9. Dövlət qulluqçusunun siyasi, dini və digər baxışları, şəxsi həyatı, o cümlədən həmkarlar ittifaqlarına və ictimai birliklərə üzvlüyü barədə məlumatların və qanunla əldə edilməsinə yol verilməyən digər məlumatların toplanılmasına, həmin məlumatların işlənilməsinə və şəxsi işə tikilməsinə yalnız “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilən hallarda yol verilir.

2. ŞƏXSİ İŞİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI QAYDALARI

2.1. Dövlət qulluqçusunun şəxsi işi üç hissədən ibarət olmaqla tərtib edilir. Dövlət qulluqçusunun şəxsi işinə sənədlər aidiyyəti hissələrə ardıcıl tikilir, şəxsi işin səhifələri nömrələnir və hər bir hissədə saxlanılan sənədlərin qeydiyyatı bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun aparılır.
2.2. Dövlət qulluqçusunun şəxsi işinin birinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi (2 nömrəli əlavə);
2.2.2. tərcümeyi-hal;
2.2.3. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi bioqrafik arayış (3 nömrəli əlavə);
2.3. Dövlət qulluqçusunun şəxsi işinin ikinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.3.1. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi dövlət qulluqçusunun şəxsi vərəqəsi (4 nömrəli əlavə);
2.3.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, dövlət qulluğuna qəbul haqqında ərizə, müsabiqə vasitəsilə dövlət qulluğuna qəbul edilmiş şəxslər üçün müsabiqənin, müsahibə vasitəsilə inzibati vəzifələri tutmuş şəxslər üçün müsahibənin nəticəsinə dair sənədlər;
2.3.3 dövlət qulluğu vəzifəsinə təyin edilməsi, dövlət qulluqçusunun başqa dövlət qulluğu vəzifəsinə keçirilməsi, müvəqqəti olaraq başqa dövlət qulluğu vəzifəsi üzrə qulluq funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsi haqqında sənədlərin surəti;
2.3.4. dövlət qulluğuna xitam verilməsi haqqında sənədlərin surəti;
2.3.5. əmək müqavilələrinin əsli, əmək müqavilələrinə dəyişikliklər edilməsi haqqında sənədlərin əsli, habelə əmək müqavilələrinin bağlanılması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair müvafiq məlumatlar;
2.3.6. dövlət qulluqçusunun imzaladığı dövlət qulluqçusunun andı;
2.3.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.10-cu maddəsinə əsasən, daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikasının adından verilən sənəd;
2.3.8. ixtisas dərəcələrinin, habelə hərbi rütbələrin, diplomatik və ya digər xüsusi rütbələrin verilməsi haqqında sənədlərin surəti;
2.3.9. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə sənədlər;
2.3.10. dövlət qulluqçusunun sertifikatları barədə məlumat;
2.3.11. 2016-cı il 9 avqust tarixinədək attestasiyadan keçmiş dövlət qulluqçusunun attestasiya vərəqəsi və xidməti xasiyyətnaməsi;
2.3.12. dövlət təltiflərinin (orden və medalların), fəxri adların, dövlət mükafatlarının, fərdi mükafatların verilməsini təsdiq edən rəsmi sənədlərin surəti;
2.3.13. intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı sənədlərin surəti;
2.3.14. xidməti araşdırmanın başlanılması və onun nəticəsi barədə sənədlər;
2.3.15. ehtiyat kadrların siyahısına daxil edilməsi, habelə onun ehtiyat kadrların siyahısından çıxarılması haqqında sənədlərin surəti;
2.3.16. dövlət sirri təşkil edən məlumatlan yaymamaq barədə öhdəlik (əgər tutduğu vəzifənin yerinə yetirilməsi belə məlumatlardan istifadə ilə bağlıdırsa).
2.4. Dövlət qulluqçusunun şəxsi işinin üçüncü hissəsinə aşağıdakı sənədlər tikilir:
2.4.1. şəxsiyyət vəsiqəsinin, diplomatik və ya xidməti pasportun (vardırsa) surəti;
2.4.2. təhsili haqqında, habelə əlavə təhsil, elmi dərəcə və elmi adların verilməsi haqqında rəsmi sənədlərin surəti;
2.4.3. əmək kitabçasının və hərbi xidmət keçməsini təsdiq edən sənədlərin surəti;
2.4.4. hərbi qeydiyyat haqqında sənədlərin (hərbi vəzifəlilər və çağırışçılar üçün) surəti;
2.4.5. dövlət qulluqçusunun xidməti vəsiqəsinin surəti;
2.4.6. dövlət sosial sığorta şəhadətnaməsinin surəti;
2.4.7. sağlamlıq haqqında arayış (olduğu halda);
2.4.8. dövlət qulluqçusunun soyadı, adı və ata adı dəyişmişdirsə, işlədiyi dövlət orqanında buna dair qəbul edilmiş sənəd;
2.4.9. dövlət qulluqçusunun şəxsi işi ilə tanış olduqdan sonra yazılı izahatları olduqda, həmin sənədlər;
2.4.10. dövlət orqanı rəhbərinin göstərişinə əsasən kadr uçotu sahəsinə aid vacib sənədlərin surəti.
2.5. Dövlət qulluqçusu onun barəsində məlumatlarda və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 iş günü müddətində həmin məlumatları və sənədləri kadr qurumuna təqdim etməyə borcludur. İşçinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və digər üzrlü hesab edilən vaxt həmin müddətə daxil edilmir.
2.6. Bu Qaydaların 2.2.3-cü və 2.4.5-ci yarımbəndlərində göstərilən sənədlərin yenisi şəxsi işə daxil edilərkən şəxsi işdə mövcud olan əvvəlki analoji sənədlər onlarla əvəz edilir.
2.7. Şəxsi işin istifadəsini tənzimləmək məqsədilə onun tərkibinə nəzarət vərəqəsi əlavə edilir (5 nömrəli əlavə).
2.8. Dövlət orqanı dövlət qulluqçusunun şəxsi işini kağız daşıyıcılarla yanaşı, elektron qaydada da apara bilər.

3. ŞƏXSİ İŞİNDƏ SAXLANILAN FƏRDİ MƏLUMATLARLA ƏLAQƏDAR DÖVLƏT QULLUQÇUSUNUN HÜQUQLARI

3.0. Şəxsi işində saxlanılan fərdi məlumatlarla əlaqədar dövlət qulluqçusunun aşağıdakı hüquqları vardır:
3.0.1. öz fərdi məlumatları və bu məlumatların işlənilməsi barədə informasiya almaq;
3.0.2. öz fərdi məlumatları ilə tanış olmaq;
3.0.3. dürüst və tam olmayan fərdi məlumatların, habelə qanunvericiliyin pozulması yolu ilə işlənilmiş məlumatların şəxsi işindən çıxarılmasını və ya onlara müvafiq düzəliş edilməsini və qiymətləndirmə xarakterli fərdi məlumatlara dair mövqeyini əks etdirən qeydinin şəxsi işinə əlavə edilməsini tələb etmək;
3.0.4. əvvəllər dövlət qulluqçusu barəsində dürüst və tam olmayan fərdi məlumatlar vermiş bütün şəxslərə onun şəxsi işində dəyişdirilmiş və ya düzəliş edilmiş məlumatlar barədə bildiriş göndərilməsini tələb etmək;
3.0.5. fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqları pozulduğu hallarda, həmin Qanunun 7.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək.

4. ŞƏXSİ İŞİN APARILMASI İLƏ ƏLAQƏDAR DÖVLƏT ORQANININ KADR QURUMUNUN ƏSAS VƏZİFƏLƏRİ

4.1. Dövlət orqanının kadr qurumunun dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə əlaqədar əsas vəzifələri aşağıdakılardır:
4.1.1. bu Qaydaların 2.2-2.4-cü bəndlərində göstərilən sənədləri qəbul edərək bu Qaydaların tələblərinə cavab verməsini yoxlayıb şəxsi işə tikmək;
4.1.2. dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin etmək;
4.1.3. dövlət qulluqçusunu onun müraciəti ilə şəxsi işindəki sənədlərlə tanış etmək.
4.2. Fərdi məlumatlar üçüncü şəxslərə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci və 13-cü maddələrinin tələbləri gözlənilməklə, yalnız dövlət qulluqçusunun razılığı əsasında verilə bilər.
4.3. Şəxsi işlər dövlət orqanının kadr qurumunda girişi möhürlənmiş xüsusi otaqda, bu məqsədlə xüsusi otaq ayrılmadıqda isə qapısı möhürlənmiş metal şkaflarda saxlanılır.
4.4. Dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə təyin edildiyi halda, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanına təhvil verilir. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.
4.5. Dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının şəxsi işləri xitamverilmə günündən etibarən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə dövlət orqanında saxlanılır. Şəxsi işi dövlət orqanında saxlanılan şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edildikdə, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanının müraciəti əsasında həmin orqana təhvil verilir. Bu halda da dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.

5. YEKUN MÜDDƏALAR

5.1. Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin etdiyi rəhbər işçilərin şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.
5.2. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşının şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.
5.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində müəyyən edilmiş dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin şəxsi işlərinin aparılması zamanı bu Qaydaların müddəaları həmin dövlət orqanlarında qulluq (xidmət) keçmənin xüsusiyyətlərinə uyğun şəkildə nəzərə alınır.
5.4. Dövlət orqanlarında (qurumlarında) şəxsi işlərin bu Qaydaların tələblərinə uyğun olaraq aparılmasını öyrənmək və təhlil etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq struktur bölməsi yoxlamalar aparır.
5.5. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Əlavələr

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı