Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 569


Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 sentyabr tarixli 569 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi

QAYDALARI

1. Bu Qaydalar dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması, rəsmiləşdirilməsi qaydalarını və ixtisas dərəcələrinə görə ödənilən əlavə haqların məbləğlərini müəyyən edir.

2. Dövlət qulluqçusuna ixtisas dərəcəsi Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş şərtlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq verilir.

3. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.

4. Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına inzibati vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

5. Dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir:

5.1. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri – Azərbaycan Respublikasının Prezidenti;

5.2. dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri – müvafiq dövlət orqanının rəhbəri.

6. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci – ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

İnzibati vəzifələrin üçüncü – altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır. Bu bəndin birinci və ikinci abzaslarında müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.

Bu bəndin ikinci abzasında “müvafiq vəzifə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.

Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

üçüncü – beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

altıncı – yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.

Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

birinci – ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

üçüncü – dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi inzibati vəzifələrin ali – dördüncü təsnifatına uyğun olan müvafiq vəzifələrə təyin edildikdə və beşinci – yeddinci təsnifatına uyğun olan vəzifələrə sınaq müddəti bitdikdən sonra daimi dövlət qulluğuna qəbul edildikdə yardımçı vəzifə iddiasında olanlar isə müvafiq vəzifəyə təyin edildikdə verilir.

8. Dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsi bu Qaydalara əsasən ixtisas dərəcəsi tutduğu vəzifəyə uyğun gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınmaqla verilir.

İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi dövlət qulluqçusu daha yüksək təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür.

9. Dövlət qulluğunun kiçik referentindən dövlət qulluğunun baş müşavirinədək ixtisas dərəcələri dövlət qulluqçusunun şəxsi ərizəsi əsasında verilir. Ərizəyə ixtisas dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki dövlət qulluqçusunun zəmanətləri, habelə iddiaçıların təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir.

10. Dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir.

11. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

12. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:

 1.   Həqiqi dövlət müşaviri   200
 2.   1-ci dərəcə dövlət müşaviri  180
 3.   2-ci dərəcə dövlət müşaviri  160
 4.   3-cü dərəcə dövlət müşaviri  145
 5.   Dövlət qulluğunun baş müşaviri  130
 6.   Dövlət qulluğunun müşaviri  115
 7.   Dövlət qulluğunun kiçik müşaviri  100
 8.   1-ci dərəcə dövlət qulluqçusu  80
 9.   2-ci dərəcə dövlət qulluqçusu  65
 10.   3-cü dərəcə dövlət qulluqçusu  55
 11.   Kiçik dövlət qulluqçusu  45
 12.   Dövlət qulluğunun baş referenti  40
 13.   Dövlət qulluğunun böyük referenti  35
 14.  Dövlət qulluğunun 1-ci dərəcə referenti  30
 15.   Dövlət qulluğunun 2-ci dərəcə referenti  25
 16.  Dövlət qulluğunun 3-cü dərəcə referenti  20
 17.   Dövlət qulluğunun kiçik referenti  15


13. Dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə əlavə haqqın ödənişi onun qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək ödənişi fondu hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən, bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olunmaqla) 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

14. Dövlət qulluqçusunun ixtisas dərəcəsindən məhrum edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi halları istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

15. Dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilir.

16. Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi ilə əlaqədar mübahisələrə, ilk növbədə, ixtisas dərəcəsini verən müvafiq dövlət orqanında, həmin orqanın və ya dövlət qulluqçusunun müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasında və ya bilavasitə məhkəmədə baxılır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
  2. 28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Qaydaların adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111) ilə 3-cü bənddə «yuxarı dövlət qulluğunu idarəetmə orqanına» sözləri «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya (bundan sonra—Komissiya)» sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111) ilə 4-cü, 7-ci bəndlərdə, 9-cu bəndin birinci cümləsində və 10-cu bənddə «yuxarı dövlət qulluğunu idarəetmə orqanının» sözləri «Komissiyanın» sözü ilə, 5-ci bənddə «Yuxarı dövlət qulluğunu idarəetmə orqanının» sözləri «Komissiyanın» sözü ilə, 6-cı bənddə «Yuxarı dövlət qulluğunu idarəetmə orqanı» və 9-cu bəndin ikinci cümləsində «yuxarı dövlət qulluğunu idarəetmə orqanı» sözləri «Komissiya» sözü ilə və 12-ci bənddə «dövlət qulluğunu idarəetmə orqanlarına» sözləri «Komissiyaya» sözü ilə əvəz edilmişdir.

Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.