Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I


“Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
“Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə оlunur).





Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Ə.Baxşıyev

«14» aprel 2018-ci il
№ 61



Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2018-ci il
14 aprel tarixli 61 nömrəli qərarı
ilə təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli 297-04/S nömrəli və 2017-ci il 14 sentyabr tarixli 172-05/S nömrəli sərəncamlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müəssisələrdə digər kadrların da (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu Komissiya tərəfindən müsabiqə vasitəsilə aparılır.
1.4. Müsabiqə test imtahanı formasında və kompüter vasitəsilə keçirilir.
1.5. Müsabiqə uyğun vakansiya kvotası yarandıqda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) ilə birlikdə Komissiya tərəfindən elan edilir.

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) təhsil şöbəsinə, təhsil şöbəsi isə Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat, yəni 1 stavka (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə rayon (şəhər) təhsil şöbəsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumu ilə razılaşdırılmaqla Nazirlik tərəfindən həyata keçirilir.
2.4. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.

3. Müəssisələrdə müəllimlərin işə qəbulu

3.1. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Fakültativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, məktəbə hazırlıq qrupları, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlar üzrə işə qəbula icazə verilmir.
3.3. Yalnız 1 ildən yuxarı pedaqoji stajı olan ali təhsilli müəllimlər praktik psixoloq və məktəb uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə müsabiqədə iştirak edə bilərlər.
3.4. Müsabiqə haqqında elan Komissiyanın internet saytında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.5. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyanın internet saytı vasitəsilə elektron formada qəbul edilir.
3.6. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin, ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (diplomun) surətini Komissiyaya təqdim etməlidirlər.
Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Komissiya tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.7. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Komissiya tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.8. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Komissiyaya təqdim etməlidirlər.

4. Müsabiqənin keçirilməsi

4.1. Test imtahanının keçirilmə qrafiki Komissiyanın internet saytında yerləşdirilir.
4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.3. Müsabiqədə hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir.
4.4. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.5. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.
4.6. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
4.7. Ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.
4.8. Müsabiqənin nəticələri dərhal Komissiyanın internet saytında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.9. Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində Nazirliyə göndərilir.
4.10. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.11. Müsabiqə başa çatdıqdan sonra hər hansı ixtisas üzrə boş qalan və ya yeni yaranan vakant yerlər üçün əlavə test imtahanları keçirilir.
4.12. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Komissiyada baxılır və müvafiq qərar qəbul edilir.

5. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması

5.1. Müəssisələrdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi (bundan sonra - qiymətləndirilmə) müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə aparılır.
5.2. Qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində tam ştat vəzifə üzrə çalışan mühəndis-pedaqoji işçilər cəlb olunurlar.
5.3. Qiymətləndirilmədə iştirak edəcək müəllimlərin siyahısı rayon (şəhər) təhsil şöbələri tərəfindən Nazirliyə verilir. Siyahıya şəxsiyyəti təsdiq edən sənədin, dövlət nümunəli təhsil sənədinin (diplomun), müəllimin işə qəbul və yerdəyişmə əmrlərinin surətləri əlavə olunur. Nazirlik həmin siyahıları iştirakçıların şəxsiyyət vəsiqələri və diplomlarının surətləri ilə birlikdə Komissiyaya təqdim edir.
5.4. İştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Komissiya tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
5.5. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslər qiymətləndirilmə imtahanlarına buraxılmır və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
5.6. Qiymətləndirilmənin keçirilmə qrafiki Komissiyanın internet saytında yerləşdirilir.
5.7. İştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməklə qiymətləndirilməyə buraxılırlar.
5.8. Qiymətləndirilmə zamanı iştirakçılara ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
5.9. İştirakçılara test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt ayrılır.
5.10. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.
5.11. Qiymətləndirilmənin nəticələri Komissiya tərəfindən “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir və müvəffəqiyyət qazanmış iştirakçıların siyahısı qiymətləndirmə başa çatdıqdan sonra 3 (üç) iş günü müddətində Nazirliyə göndərilir.
5.12. İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə qiymətləndirilmədə iştirak edə bilərlər. Bu halda əməkhaqqı artımı hər bir fənn üzrə tədris edilən dərs saatlarına şamil olunur.
5.13. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır. Qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
5.14. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və ya rayona dəyişərlərsə, aparılmış qiymətləndirilmənin nəticələri yerdəyişmənin həyata keçirildiyi vaxtdan etibarən onlara şamil edilir. Həmin müəllimlərdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
5.15. Komissiya tərəfindən keçirilmiş müsabiqə vasitəsilə müəssisələrdə işə qəbul olunmuş müəllimlər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar.
5.16. Qiymətləndirilmədə zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.
5.17. Qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Komissiyada baxılır və müvafiq qərar qəbul edilir.

6. Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulu və qiymətləndirilməsi ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Komissiyanın vəzifəli şəxsləri, habelə müəssisələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 4
Dünən 679
Bu gün 363
Ümumi 46718

Başlanma tarixi: 01 fevral 2018




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı