Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I


“Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təkliflərini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid nümunəli dövlət təhsil sənədi (diplom) almış şəxslərin orta ixtisas musiqi təhsili müəssisələrində, ali və ya orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid nümunəli dövlət təhsil sənədi (diplom) almış şəxslərin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbulu üzrə müsabiqənin keçirilməsini təmin etsin.




Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Ə.Baxşıyev

«8» may 2019-cu il
№ 60



Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2019-cu il
8 may tarixli 60 nömrəli qərarı
ilə təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ali və orta ixtisas musiqi təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinə işə qəbulu və həmin müəssisələrdə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması məsələlərini tənzimləyir.
1.2. Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə (bundan sonra - müəssisələr) işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.3. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
1.4. Müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılır.
1.5. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir.
1.6. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Komissiya tərəfindən elan edilir.

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət şöbəsinə, mədəniyyət şöbəsi, habelə Naxçıvan Musiqi Kollecinin rəhbərliyi Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.
2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Orta ixtisas təhsili müəssisələrində dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün illik dərs yükü 500 saat, yəni 1 (bir) stavka (bu zaman illik dərs yükü 1 (bir) stavkadan artıq olmamalıdır), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 12 saat, yəni 1 (bir) stavka (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü müvafiq saatdan az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisas üzrə kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində müvafiq dərs yükü ayrılır və əmrləşdirilir.

3. Müəssisələrdə müəllimlərin işə qəbulu

3.1. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Müsabiqə haqqında elan Komissiyanın internet portalında və muxtar respublikanın digər kütləvi informasiya vasitələrində yerləşdirilir.
3.3. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 (otuz) gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilir.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Komissiyanın internet portalı vasitəsilə Komissiyaya təqdim etməlidirlər:
3.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
3.4.2. dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti;
3.4.3. əmək kitabçasının surəti (zərurət olarsa).
3.5. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Komissiya tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
3.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Komissiya tərəfindən ləğv olunur və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
3.7. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Komissiyaya təqdim etməlidirlər.

4. Test imtahanının keçirilməsi

4.1. Test imtahanının keçirilmə qrafiki Komissiyanın internet portalında yerləşdirilir.
4.2. Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə test imtahanında iştirak edirlər.
4.3. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir.
4.4. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir.
4.5. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
4.6. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
4.7. Test imtahanının nəticələri dərhal Komissiyanın internet portalında yerləşdirilir və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
4.8. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə müsahibənin aparılması üçün test imtahanı başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində Nazirliyə göndərilir.
4.9. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.10. Test imtahanının nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Komissiyada baxılır və müvafiq qərar qəbul edilir.
4.11. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.

5. Müsahibənin keçirilməsi

5.1. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır.
5.2. Müsahibə mərhələsində namizədin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.
5.3. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır.
5.4. Müsahibənin nəticələri balla qiymətləndirilir.
5.5. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə beşballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli əlavə).
5.6. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir namizədə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır.
5.7. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.8. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər.
5.9. Müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir.
5.10. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.
5.11. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
5.12. Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.
5.13. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 (bir) həftə müddətində Komissiyanın səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 (üç) iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

6. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması

6.1. Musiqi təhsili müəssisələrində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi (bundan sonra - qiymətləndirilmə)müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə aparılır.
6.2. Qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər və tam ştat vəzifə üzrə çalışan pedaqoji işçilər cəlb olunurlar.
6.3. Qiymətləndirilmədə iştirak edəcək müəllimlərin siyahısı rayon (şəhər) mədəniyyət şöbələri və Naxçıvan Musiqi Kolleci tərəfindən Nazirliyə verilir. Nazirlik həmin siyahıları Komissiyaya təqdim edir və siyahıda adı göstərilən qiymətləndirilmədə iştirak edəcək müəllimlərə qiymətləndirilmə barədə məlumat verir.
6.4. Qiymətləndirilmədə iştirak edəcək müəllimlər aşağıda göstərilən sənədləri Komissiyanın internet portalı vasitəsilə Komissiyaya təqdim etməlidirlər:
6.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
6.4.2. ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (diplomun) surəti;
6.4.3. əmək kitabçasının surəti.
6.5. İştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Komissiya tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir.
6.6. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslər qiymətləndirilmə imtahanlarına buraxılmır və bu barədə 3 (üç) iş günü müddətində onlara rəsmi məlumat verilir.
6.7. Qiymətləndirilmənin keçirilmə qrafiki Komissiyanın internet portalında yerləşdirilir.
6.8. İştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməklə qiymətləndirilməyə buraxılırlar.
6.9. Orta ixtisas musiqi təhsili müəssisələri üçün test imtahanı zamanı iştirakçılara ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyaları üzrə 10 test tapşırığı verilir.
6.10. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
6.11. İştirakçılara test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt ayrılır.
6.12. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün test imtahanı zamanı iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı verilir.
6.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
6.14. İştirakçılara test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt ayrılır.
6.15. Orta ixtisas musiqi təhsili müəssisələri üçün test tapşırıqlarının ən azı 50 faizini (40 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün 50 faizini (25 bal) düzgün cavablandırmış şəxslər bu mərhələdən keçmiş hesab olunur və imtahan mərhələsinin nəticələri Komissiya tərəfindən “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir.
6.16. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçıların siyahısı qiymətləndirmə başa çatdıqdan sonra 3 (üç) iş günü müddətində Nazirliyə göndərilir və namizədlərə ikinci mərhələnin keçirilmə vaxtı və yeri barədə məlumat verilir.
6.17. Müsahibə zamanı iştirakçıların müvafiq ixtisas bacarıqlarının qiymətləndirilmsi aşağıda göstərilən qaydada aparılır:
6.17.1. müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır;
6.17.2. müsahibə mərhələsində müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır;
6.17.3. müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır;
6.17.4. müsahibənin nəticələri balla qiymətləndirilir;
6.17.5. müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 (beş) ballıq sistem əsasında qiymətləndirir, hər bir müəllim üçün ümumi bal çıxarır və nəticələri “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (3 nömrəli əlavə);
6.17.6. müsahibə komisssiyasının üzvləri tərəfindən hər bir müəllimə verilmiş ballar onların şəxsi mülahizələri ilə “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində tam əsaslandırılmalıdır. 6.17.7. müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (4 nömrəli əlavə);
6.17.8. müsahibə komissiyasının üzvlərinin müəllim barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər;
6.17.9. müsahibənin nəticəsi barədə arayış müəllimə müsahibənin keçirildiyi gündən 2 (iki) iş günü müddətində verilir;
6.17.10. müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır.
6.18. “Müəllimin qiymətləndirilməsinə dair bal cədvəli” və “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol” 2 (iki) il müddətində Nazirlikdə saxlanılır.
6.19. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır.
6.20. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini dəyişərlərsə, aparılmış qiymətləndirilmənin nəticələri yerdəyişmənin həyata keçirildiyi vaxtdan etibarən onlara şamil edilir. Həmin müəllimlərdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
6.21. Komissiya və Nazirlik tərəfindən keçirilmiş müsabiqə vasitəsilə müəssisələrdə işə qəbul olunmuş müəllimlər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar.
6.22. Qiymətləndirilmədə zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.
6.23. Qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra 1 (bir) həftə ərzində Nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Komissiyada baxılır və müvafiq qərar qəbul edilir.

7. Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərin işə qəbulu və qiymətləndirilməsi ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Komissiyanın vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı