Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasını muzeylər diyarı da adlandırmaq olar. Burada 23 muzey, 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Muzeylərdə, ümumilikdə, əsas fond əşyalarının sayı 107776-dır.

MUZEYLƏR

Heydər Əliyev Muzeyi

Muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə, muzeydə 4563 eksponat var.

Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanmışdır.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 25
Tel.: +994 (36) 545-92-98
Elektron ünvan: aliyev-museum@nakhchivan.az

Naxçıvan Dövlət Tarix Muzeyi

Muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır. Sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılmış, 1968-ci ildən indiki adını daşıyır.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.
Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
Ünvan: Naxçıvan şəhəri, “İstiqlal” küçəsi 77
Tel.: +994 (36) 545-01-36, 545-01-39

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi

Muzey 1966-cı ildə yaradılmışdır. 18 min 674 eksponatı var. Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.
Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də vardır. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, fotomateriallar və şəxsi əşyalar nümayiş etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 19
Tel.: +994 (36) 545-16-86

Naxçıvan Dövlət Xalça Muzeyi

Muzey 1998-ci ildə yaradılmışdır. 20 mart 2010-cu ildən yeni binada fəaliyyətə başlamışdır. Muzeyin fondunda 3537 maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 331-i xalçadır. Ekspozisiyada 283 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılmışdır. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri vardır. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar xalqımızın yaradıcılıq imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid 124 ədəd xalça vardır. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta həvələr, kirgitlər, dəmir həvələr, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21
Tel.: +994 (36) 545-35-99

Açıq Səma Altında Muzey

Muzey 2002-ci ildə yaradılmışdır. Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yerləşir. 450 eksponatı var. Burada Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə və nümayiş olunur.
Ünvan: Naxçıvan şəhəri, Əcəmi Seyrəngahı
Tel.: +994 (36) 554-02-18

Hüseyn Cavidin Ev Muzeyi

Muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə təşkil olunmuşdur. Fondunda 8456 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri, xatirələri də nümayiş etdirilir. Burada Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri qoyulub.
Ünvan: Naxçıvan şəhəri, Hüseyn Cavid küçəsi 4
Tel.: +994 (36) 545-27-26

Cəmşid Naxçıvanskinin Ev Muzeyi

Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s., ümumiyyətlə, 3208 eksponat nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6
Tel.: +994 (36) 545-21-16

Cəlil Məmmədquluzadənin Ev Muzeyi

Muzey 1999-cu ildə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 1708 eksponat nümayiş etdirilir. Cəlil Məmmədquluzadə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər və s. muzeyin eksponatları sırasındadır.
Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2
Tel.: +994 (36) 545-67-86

Xatirə Muzeyi

Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət 1849 eksponat mühafizə və nümayiş etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Pişəvəri küçəsi
Tel.: +994 (36) 544-50-07

Bəhruz Kəngərli Muzeyi

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. Burada 411 eksponat qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir. Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
Tel.: +994 (36) 545-71-11

“ Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanm tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının siyasi tariximizdə böyük rolu olmuşdur. 1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş I Kalbalı xan tərəfındən Naxçıvan şəhərində Xan Sarayı tikdirilmişdir. 1820-ci ildən sonra I Kalbalı xanın oğlanları Nəzərəli xan və I Ehsan xan bu binada Naxçıvan xanlığını idarə etmişlər.

Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılmışdır. 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır.

Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti
Tel.: +994 (36) 554-02-18

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 322
Bu gün 120
Ümumi 30245
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.