Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

2018-06-23

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
    Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə, o cümlədən dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu məqsədlə ölkəmizdə müstəqillik illərində idarəetmə sahəsində milli kadrların hazırlanması üçün bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanmasına başlanmışdır.
    Dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixində respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyuldu, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır.
    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra onun icrasını təmin etmək və tətbiqi mexanizmini yaratmaq üçün çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, hakimiyyət səlahiyyətlərinin icrasına, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilmişdir.
    Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır.
    Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Dövlət qulluğu sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra Komissiya üçün yeni inzibati binanın tikilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması Komissiyanın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni binanın açılışı mərasimində Komissiya qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Komissiyanın əməkdaşları daim öz üzərlərində çalışmalı, müvafiq qanunvericilik bazasını, normativ hüquqi aktları dərindən öyrənməli, onların tətbiqinə çalışmalı, ədalət və şəffaflıq prinsipinə daim əməl etməlidirlər. Çünki Komissiyanın seçdiyi kadrlar dövlət qulluğu andı içərək dövlət qulluqçusu statusunu daşıyacaq, dövlətimizə sədaqətlə xidmət etmək üçün söz verəcəklər. Komissiya tərəfindən seçilən, dövlət qulluğuna qəbul olunan gənclər gələcəkdə Azərbaycan dövlətçiliyinin layiqli davamçıları olmalıdırlar”. Komissiya Ali Məclis Sədrinin müəyyənləşdirdiyi tapşırıqları prinsip və istiqamət kimi öz fəaliyyətində rəhbər tutmuşdur.
    Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir. Belə ki, Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqədə 5068 namizəd iştirak etmiş, onlardan 983 nəfər müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, işgüzar, savadlı, bacarıqlı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz vəzifələrini uğurla yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmiş, 1 nəfər nazir müavini, 1 nəfər İcra Hakimiyyəti başçısının müavini, 1 nəfər xidmət rəisinin müavini, 3 nəfər mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri, 1 nəfər idarə rəisinin müavini, 17 nəfər şöbə müdiri, 7 nəfər şöbə müdirinin müavini və 25 nəfər sektor müdiri vəzifələrinə təyin olunmuşlar. Yuxarıda qeyd olunanlar, o cümlədən keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna marağı artır.
    Bundan başqa, Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Vergilər nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 37 müsabiqədə iştirak edən 1781 namizəddən 499-u test imtahanlarında müvafiq keçid balını toplamışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması Komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Hazırda muxtar respublikanın dövlət orqanlarında fəaliyyət göstərən 2493 vəzifəli şəxs barədə məlumatlar Reyestrə daxil edilmişdir ki, onlardan 59-u siyasi, 1915-i inzibati və 519-u yardımçı vəzifə daşıyır. Dövlət qulluqçularının 26 faizini gənclər, 22,7 faizini isə qadınlar təşkil edir.
    Cari ildə Komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində işlər görülmüşdür. Bu da namizədlərin Komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirak etmələrinə şərait yaradacaqdır. Komissiyanın internet saytının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da Komissiyanın saytının elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verəcək, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən fərdi və ödəniş kartı məlumatlarının qorunmasını təmin edəcəkdir.
    Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin qurulmasına səbəb olmuşdur. Öz peşə bayramını qeyd edən dövlət qulluqçuları bundan sonra da muxtar respublikamızda mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, dövlətçiliyimizin maraqlarının qorunması işində yaxından iştirak edəcək, muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhvələrini verəcəklər.
    Dövlət qulluqçusunun əsas vəzifələri həmçinin xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı