Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün keçirilən test imtahanları başa çatıb

2018-09-18

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 24 avqust-12 sentyabr tarixlərdə keçirilmişdir.
    Müsabiqəyə 165 vakant vəzifə çıxarılmış,123 vakant vəzifənin tutulması üçün 527 nəfər sənəd təqdim etmiş, test imtahanlarında 518 namizəd iştirak etmişdir. 42 vakant vəzifənin tutulması üçün sənəd təqdim olunmamışdır.
    Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir. Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (166 müraciət), İngilis dili (84 müraciət), Riyaziyyat (43 müraciət), Coğrafiya (42 müraciət) və Tarix (41 müraciət) ixtisasları üzrə qeydiyyata alınmışdır.
    Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilmişdir.
  Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış 123 namizədin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.
    Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilmişdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılmış, test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı