Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yeni proqram təminatı istifadəyə verilmişdir

2018-10-02

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz inkişaf dövrünü yaşayır. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən dövlət qulluğu siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilməkdədir. Muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması, dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması və işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsindən ibarətdir. Komissiya mərkəzi icra hakimiyyəti orqanı kimi dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasını və bu siyasətin həyata keçirilməsini təmin edir, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün normativ-hüquqi aktların layihələrini hazırlayır, kadr hazırlığını təmin edir, mütəxəssislərin hazırlanması üçün tədbirlər görür, dövlət qulluqçularının reyestrini təkmilləşdirir və ondan səmərəli istifadə olunmasını təmin edir, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir, imtahanlarda şəffaflığı təmin edir, həmçinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir.
    Fəaliyyətə başladıqdan qısa müddət sonra Komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması Komissiyanın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən proqram təminatının yaradılması və bundan istifadə edilməsi elektron xidmətlərin həyata keçirilməsinə, elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır.
    Dövlət qulluğu haqqında qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və 2017-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əsasən, test imtahanında, eləcə də müsahibə mərhələsində iştirak etmək üçün namizəd Komissiyanın internet portalı vasitəsilə elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Buna görə də, Komissiyanın proqram təminatının yeniləşdirilməsi zərurəti yaranmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun tapşırığına əsasən icraçı şirkətlə müqavilə bağlanmış və həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanmışdır. Növbəti müsabiqələrdə iştirak etmək üçün namizədlər “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçəcəklər. Komissiyanın elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılacaq və daimi istifadə ediləcəkdir. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaqdır. Bu da vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının sadələşdirilməsinə və asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan yaradacaqdır. Bundan başqa, test imtahanı, müsahibənin vaxtı və digər məsələlər barədə Komissiya tərəfindən namizədlərə bildiriş göndərilməklə lazımi məlumatların “şəxsi kabinet” vasitəsilə çatdırılması mümkün olacaqdır.
Müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini istənilən vaxt “şəxsi kabinet”ə yükləyə biləcəklər. Bu da namizədlərə aid məlumatların düzgünlüyünün yoxlanılmasının həyata keçirilməsini təmin edəcək, saysız-hesabsız sənədlərin toplanılması prosesi, habelə sənəd qəbulu üçün yaranan növbələr aradan qalxacaqdır. Proqram təminatı namizədin elektron şəxsi işinin yaradılmasına imkan verir ki, bu da kağız və digər dəftərxana ləvazimatlarına qənaət edilməsini, namizədlərin dövlət qulluğuna qəbulunun mümkünlüyünün daha operativ yoxlanılmasını və müsabiqələrin ən azı 1 ay tez yekunlaşdırılmasını təmin edəcəkdir.
    Bildiyimiz kimi, qanunvericilikdə vətəndaşların dövlət qulluğuna qəbulu zamanı test imtahanında iştirak etmək üçün müəyyən məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Namizədlər elektron müraciətlərini təsdiq edərkən “şəxsi kabinet” vasitəsilə onlayn qaydada, yəni bankomat kartları ilə ödəniş edə biləcəklər. Komissiyanın internet portalının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da portalın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan vermiş, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən ödəniş kartı və fərdi məlumatlarının tamamilə qorunmasını təmin etmişdir.
    Yeni proqram təminatının hazırlanması məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə, Komissiyanın fəaliyyətinin günün tələblərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı