Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət qulluğuna qəbul uğurla aparılır

2018-10-17

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2018-ci ilin 9 ayında fəaliyyətini qanunvericilyin tələblərinə uyğun qurmuş, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında keçirilmişdir. 2018-ci il 5 mart tarixində elan edilmiş müsabiqəyə 35 dövlət orqanından 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 395 sənəd təqdim edilmişdir. Müsahibələrdə iştirak edən 123 namizəddən 64-ü keçid balını toplayaraq müvəffəqiyyət qazanmışdır. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 56 namizədin sənədləri dövlət orqanlarına göndərilmiş və onlar müvafiq vəzifələrə təyin edilmişlər. Komissiyada 45 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilmiş, onlardan 18-i müvəffəqiyyət qazanmışdır.
    Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinə nəzarət edilmiş, qanunvericiliyə uyğun olmayan 1 qərar ləğv etdirilmişdir.
    Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının 16 mətbuat xidməti əməkdaşı ödənişsiz attestasiyaya cəlb olunmuş, onlardan 13-ü uğur qazanaraq attestasiyanın esse mərhələsində iştirak etmək hüququ qazanmışdır. Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 7 vakant baş məsləhətçi vəzifəsinin tutulması üçün 1 iyun 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində 20 nəfər iştirak etmiş, onlardan 5-i keçid balını toplamışdır. Esse mərhələsində iştirak edən 5 namizəddən 4-ü yüksək nəticə göstərərək dövlət qulluğuna qəbul edilmişlər.
    Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında 390 müəllim iştirak etmiş, onlardan 332-si keçid balını toplamışdır. Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan edilmiş müsabiqədə 165 vakant vəzifənin tutulması üçün 518 namizəd iştirak etmiş, keçid balını toplamış 123 namizədin sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.
    Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə qəbulla əlaqədar elan edilmiş müsabiqələrin test imtahanları keçirilmiş, muxtar respublika Prokurorluğunda, Daxili İşlər və Vergilər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində, Dövlət Gömrük Komitəsində vakant vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak edən 344 namizəddən 106-sı test imtahanlarında müvafiq keçid balını toplamışdır.
    Ötən dövrdə komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmış, test bazasında olan suallar qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılmış, 4075 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilmiş və test bankına əlavə olunmuşdur. Eyni zamanda müəllimlərin işə qəbulu və diaqnostik qiymətlənidirilməsinin aparılması məqsədilə 6 minə yaxın sual alınaraq test bankına yazılmışdır. Yeni Əsasnaməyə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 191 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmişdir. Həmçinin Komissiya tərəfindən keçirilən sınaq imtahanlarında ümumilikdə 448 nəfər iştirak etmişdir.
    Komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində işlər görülmüşdür. Bu da namizədlərin Komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirak etmələrinə şərait yaradacaqdır. Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, keçirilən seminarlarda 291 məsul şəxs iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı