Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Yeni dərs ilində Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir

2018-10-19

    “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə 18 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində seminar keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və hüquq fakültəsinin dekanı Qərib Allahverdiyev çıxış edərək Komissiya tərəfindən keçirilən bu cür seminarların tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır. Komissiya sədrinin müavini Ümid Qurbanov çıxış edərək bildirmişdir ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədə mövcud olan çatışmazlıqları aradan qaldırmaq, tələbələrə elmi-nəzəri və təcrübi biliklər aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
    Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycanda müasir dövlət idarəçilik sistemi” mövzusu ilə əlaqədar slaydlarını təqdim etmişdir. Z.Bağırov müasir dövlət qulluğu sisteminin formalaşmasında eləcə də, dövlət qulluğu sahəsində islahatların aparılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu, onun keçirmiş olduğu islahatlar nəticəsində hazırda Azərbaycanda müasir standartlara cavab verən yüksək səviyyədə dövlət qulluğu sisteminin mövcud olduğunu bildirmişdir.
    Komissiyanın sektor müdiri Türkan Gülməmmədli “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi” mövzusunda hazırladığı slaydlar vasitəsilə dövlət qulluğunda kadr siyasətinin aparılması qaydaları, dövlət qulluğunun idarə olunması zamanı dövlət orqanları və onların rəhbərlərinin həyata keçirdiyi funksiyalar, dövlət qulluğuna qəbul, ehtiyat kadrlar siyahısının tərtib olunması və idarə olunması, dövlət qulluqçularının reyestrinin aparılması və digər məsələlər barədə geniş məlumat vermişdir. Daha sonra Seminarın sonunda tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı