Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Dövlət qulluğunun yeni inkişaf istiqamətləri müəyyən edilmişdir

2018-11-29

    Ölkəmizdə müasir dövlət qulluğu sisteminin, habelə dövlət idarəçiliyinin yeni əsaslarının formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması, dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanun əsasında bir sıra qanunvericilik aktlarının qəbul edilməsi dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə və dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edən addımlardandır.
    Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm qanunvericilik aktları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.
    Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmışdır. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyar xidmətlər təşkil edilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətlərinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dövlət qulluğu sahəsinə hərtərəfli diqqət və qayğısının bariz nümunəsidir.
    Ölkəmizin hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin - dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir.
    Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması Strategiyanın əsas məqsədi kimi müəyyən edilmişdir. Strategiya dövlət qulluğu sistemində əsaslı islahatlar aparılmasını nəzərdə tutur.
    Təsdiq edilmiş Strategiyada dövlət qulluğu sahəsində mövcud vəziyyətin SWOT analizi aparılmış, güclü və zəif cəhətlər, dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı imkanlar müəyyənləşdirilmişdir. Strategiyada dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üçün aşağıdakı inkişaf istiqamətləri müəyyən edilmişdir:
    - institusional islahatların həyata keçirilməsi;
    - kadr siyasətinin təkmilləşdirilməsi;
    - rotasiya sisteminin təkmilləşdirilməsi;
    - dövlət qulluğuna qəbulda səriştə (kompetensiya) modelinin tətbiqi;
    - dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;
    - dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi;
    - dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması;
    - dövlət qulluğunda qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət;
    - dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi;
    - dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi.
    Strategiyada dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, habelə dövlət qulluğu sisteminin sadələşdirilməsi və şəffaflığının artırılması məqsədilə vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin inkişafına təkan verən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışlar təhlil ediləcək, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflər hazırlanacaqdır. Dövlət orqanlarının kadr qurumlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə onların fəaliyyətini tənzimləyən nümunəvi sənəd - “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə” təsdiq olunacaqdır.
    Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq ediləcəkdir. Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunacaqdır.
    Dövlət qulluğunun iş yeri kimi cəlbediciliyinin artırılması məqsədilə dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi təkmilləşdiriləcək, əməkhaqqı sistemi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması imkanlarını nəzərdə tutacaqdır. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin əhəmiyyətini artırmaq məqsədilə qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi həyata keçiriləcəkdir.
    Bundan başqa, dövlət qulluğunda rotasiyanın tətbiqi, dövlət qulluqçularının əlavə təhsilinin təşkili, dövlət qulluğu sahəsində vahid qanunvericilik aktının – Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi də nəzərdə tutulur.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 2
Dünən 567
Bu gün 89
Ümumi 102223

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.