Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün test imtahanlarına start verilib

2018-12-18

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində 24 oktyabr-30 noyabr 2018-ci il tarixlərində elan edilmiş Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 17 dekabr 2018-ci il tarixindən başlayaraq növbəti test imtahanlarına start verilib.

Müsabiqəyə çıxarılmış 252 vakant vəzifənin tutulması üçün 241 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün 48 bal, digər müəssisələrə işə qəbul üçün test tapşırıqları üzrə 64 bal, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə isə 40 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir. Test imtahanları 29 dekabr 2018- ci il tarixədək davam edəcəkdir.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq 2018-ci ildən müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı