Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
ƏSAS BÖLMƏLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilmişdir

2018-12-21

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə 12 noyabr-20 dekabr 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunmuşdur.

İstehsalat təcrübəsi zamanı Komissiyanın tədbirlər planına uyğun olaraq tələbələr Komissiyanın müvafiq sektor və şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış olmuş, onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun aparılması, “şəxsi kabineti”in yaradılması, dövlət reyestrinin aparılması, müsahibə mərhələsi, müsahibədə iştirak etmək üçün müraciətin edilmə qaydası, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilmiş və slaydlar vasitəsilə dərslər keçirilmişdir. Tələbələr Komissiyanın Test mərkəzində dövlət qulluğuna qəbul üçün sınaq imtahanının və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün test imtahanlarının keçirilməsini əyani olaraq izləmişlər.

Təcrübənin son günü keçirilən tədbirdə Komissiyanın sədri İsmayıl Qəribli qeyd etmişdir ki, Komissiya yarandığı gündən muxtar respublikada kadr siyasətinin həyata keçirilməsini, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə yolu və şəffaflıq əsasında seçilməsini, yerləşdirilməsini, dövlət qulluğunun xüsusi növünə aid olan orqanların elan etdiyi müsabiqələrin test imtahanı mərhələsinin təşkil edilməsini və qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarında qulluğa qəbulu üçün hər cür şərait yaradılmışdır.

İsmayıl Qəribli bildirmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçirilir, Komissiyanın inzibati binasında istehsalat təcrübəsi təşkil olunur, tələbələr dərslik və dərs vəsaitləri ilə təmin edilirlər.

Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova istehsalat təcrübəsinin əhəmiyyətindən danışaraq belə tədbirlərin tələbələrin praktik biliklər əldə etməsində böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Sonda istehsalat təcrübəsi müddətində keçirilmiş tələbələrarası müsabiqədə ilk üç yeri tutmuş tələbəyə Sertifikatlar verilmiş və onlara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət idarəçilik nəzəriyyəsi”, “Dövlət qulluğunun hüquqi əsasları”, “Dövlət qulluğu: nəzəriyyə və praktika” kitabları hədiyyə edilmişdir.

Tədbirə Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.


NAMİZƏDLƏRİN NƏZƏRİNƏ


SAYĞAC
 Online    2
 Dünən    330
 Bu gün    129
 Ümumi    151774

Başlanma tarixi: 1 fevral 2018-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.