Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün keçirilən test imtahanları başa çatmışdır

2019-01-04

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 17-29 dekabr tarixlərdə keçirilmişdir.

Müsabiqəyə 252 vakant vəzifə çıxarılmış, 116 vakant vəzifənin tutulması üçün müraciət edən 240 nəfərdən 238-i test imtahanlarında iştirak etmişdir. 136 vakant vəzifənin tutulması üçün sənəd təqdim olunmamışdır. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir. Ən çox müraciət ibtidai sinif müəllimliyi (54), tarix (34), ingilis dili (28), Azərbaycan dili və ədəbiyyatı (25) və coğrafiya (25) ixtisasları üzrə qeydiyyata alınmışdır.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilmişdir. Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Keçid balını toplamış 149 namizədin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı