Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
ƏSAS BÖLMƏLƏR

Yanvar ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2018-ci ilin yekunu və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

2019-01-08

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2018-ci ildə qanunvericilikdən, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Komissiyaya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır.

Komissiya 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmiş, bu məqsədlə 3 müsabiqə elan edilmişdir. İlk iki müsabiqədə 302 vakant vəzifənin tutulması məqsədilə 415 nəfər sənəd təqdim etmiş, test imtahanında iştirak etmiş 390 namizəddən 143-ü keçid balını toplamışdır. Müsahibə mərhələsində iştirak edən 134 namizəddən 70-i uğur qazanmış, 62 nəfər vakant vəzifələrə təyin olunmuş, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınmışdır. 305 vakant vəzifənin tutulması məqsədilə 583 nəfərin sənəd təqdim etdiyi sonuncu müsabiqənin test və müsahibə mərhələləri 2019-cu ildə keçiriləcəkdir. Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 17 namizəddən 8-i hesabat dövründə işlə təmin olunmuşdur.

2018-ci il ərzində Komissiya tərəfindən hazırlıq kursları təşkil edilmiş, dövlət qulluğu, miqrasiya, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün keçirilən kurslarda 274 nəfər iştirak etmişdir. Həmin sahələrdə işə qəbul olmaq istəyən şəxslərin bilik səviyyəsinin yoxlanılması üçün 767 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilmişdir.

Hesabat dövründə Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin davam etdirilməsi diqqətdə saxlanılmış, il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər test suallarında öz əksini tapmışdır. Dövlət qulluğunun xüsusi növünə daxil olan orqanlara qəbul üçün keçirilən test imtahanlarının təşkil edilməsi məqsədilə 5934 sual, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 6000 sual alınaraq test bankına işlənmişdir.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilmişdir. Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş iki müsabiqədə ümumilikdə 417 vakant vəzifənin tutulması üçün 767 nəfər sənəd təqdim etmiş, test imtahanlarında 756 namizəd iştirak etmiş və onlardan 272-si müvafiq keçid balını toplamışdır. Hesabat dövründə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında iştirak edən 390 nəfərdən 332-si keçid balını toplamışdır.

2018-ci il tarixlərdə Daxili İşlər və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və muxtar respublika Prokurorluğunda vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 344 namizəddən 106-sı müvafiq keçid balını toplamışdır.

Hesabat dövründə Komissiyada 59 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilmiş, onlardan 22 nəfəri müvəffəqiyyət qazanmışdır. Həmçinin müvafiq dövlət orqanlarında 28 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə Komissiyanın nümayəndəsinin iştirakı təmin edilmişdir.

İsmayıl Qəribli qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə icraçı şirkətlə müqavilə bağlanmış və həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanmışdır. Yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan verir. Yeni proqram təminatı məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə, Komissiyanın fəaliyyətinin günün tələblərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə şərait yaradır.

Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmişdir, deyən İsmayıl Qəribli bildirmişdir ki, çoxsaylı maarifləndirici tədbirlər keçirilmiş, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmişdir.
Sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.

Kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.


NAMİZƏDLƏRİN NƏZƏRİNƏ


SAYĞAC
 Online    4
 Dünən    330
 Bu gün    121
 Ümumi    151766

Başlanma tarixi: 1 fevral 2018-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.