Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında maarifləndirici seminar keçirilmişdir

2019-02-22

21 fevral 2019-cu il tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda yerləşən qurumlarında və Babək Rayon Məhkəməsində inzibati vəzifə tutan 185 dövlət qulluqçusu iştirak etmişdir.

Seminarı Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.

Komissiya sədrinin müavini Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, 2007-ci il 31 may tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanuna əsasən etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qeyd edilmişdir ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Daha sonra Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzusunda çıxış etmiş və slaydlar vasitəsi ilə dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən danışmışdır. Həmçinin vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli Qərarı ilə “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” təsdiq edilmişdir. Şifahi müraciətlərin qəbulunu təmin etmək üçün xüsusi şəhər telefon nömrəsi ayrılmalı və bu nömrəyə edilən bütün zəngləri kargüzarlıq xidmətinin bu məqsəd üçün ayrılan əməkdaşı qəbul etməlidir. Telefon müraciət xidməti vasitəsilə edilən müraciət aydın ifadə edilməlidir. Müraciət edən şəxsə verilən cavab konkret, aydın və ədəbi dilin rəsmi-işgüzar üslubuna uyğun olmalıdır. Telefon müraciət xidməti vasitəsilə edilən müraciətdə qaldırılan məsələnin subyektlərin səlahiyyətinə aid olmadığı aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciətetmə qaydası izah olunmalıdır.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Qeyd edək ki, 8-21 fevral 2019-cu il tarixlərdə keçirilmiş 8 maarifləndirici seminarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifə tutan 1032 dövlət qulluqçusu iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı