Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Yeni vəzifəyə təyin olunmuş dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir

2019-04-18

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının 18 aprel 2019-cu il tarixdə Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilmişdir.

Tədbirdə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir.
Belə ki, Komissiya tərəfindən 2011-ci ildən bugünədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak etmiş, onlardan 1144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabilliyyətinə malik olan dövlət qulluqçularıdır. Bundan başqa, daxili işlər, ədliyyə, fövqəladə hallar, vergi, gömrük, miqrasiya və prokurorluq orqanlarında xidmətə qəbul üçün elan edilmiş 38 müsabiqədə 1730 nəfərin
iştirakı qeydə alınmışdır.

Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirdi ki, bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hər cür şərait yaradılmışdır.

Daha sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanuna uyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içdilər.

Komissiyanın sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi.

Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.

Xatırladaq ki, müsabiqəyə 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 570 namizəd iştirak etmiş, 257 namizəd keçid balını toplaya bilmişdir. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 99-u vakant vəzifələrə təyin olunmuşlar. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 88 nəfər andiçmə mərasimində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı