Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir

2019-04-26

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 26 aprel 2019-cu il tarixdə 35 nəfərin iştirakı ilə “Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq bildirmişdir ki, kargüzarlıq dedikdə dövlət orqanlarında sənədlərlə işləmə prosesi, yəni sənədlərin hazırlanması, onların qəbulu, qeydiyyatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması, sənədlərin saxlanması başa düşülür. Dövlət orqanlarının fəaliyyəti sənədləşmədə öz əksini tapır. Bu mənada, kargüzarlıq dövlət orqanlarının fəaliyyətlərinin güzgüsüdür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir.

İsmayıl Qəribli qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilmişdir. Yeni orfoqrafiya normalarında yüksək dövlət vəzifələrinin, dövlət orqanlarının adlarının və mürəkkəb adların yazılışlarında dəyişikliklər nəzərdə tutulmuşdur. Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin və edilmiş dəyişikliklərin elmi əsaslarla kargüzarlıq işi üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Azərbaycan dilinin Orfoqrafiya Normaları” mövzusunda çıxış edərək orfoqrafiya qaydalarında edilmiş dəyişikliklərlə bağlı ətraflı izah vermiş, xususi isimlərin, mürəkkəb sözlərin, rəsmi adların, yüksək dövlət vəzifələrinin, fəxri adların, ad, soyad və təxəllüs bildirən sözlərin, alınma sözlərin, ədat və bağlayıcıların, köməkçi sözlərin, morfemlərin, qoşasaitli və qoşasamitli sözlərin, durğu işarələrinin, ixtisarların, qısaltmaların yazılışı və digər qrammatik qaydalar barədə iştirakçıları məlumatlandırmışdır.

Daha sonra Komissiyanın əməkdaşı Türkan Gülməmmədli dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat vermişdir.

Mövzularla bağlı slaydlar nümayiş etdirilmişdir.

Tədbirin sonunda geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Seminara Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı