Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ilk startap layihəsinin təqdimatı keçirilib

2019-04-30

30 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə birgə həyata keçiriləcək ilk startap layihəsinin - “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya hamiliyə verilib. Sərəncamla hami təşkilat və Universitet arasında əlaqələr genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, dayanıqlı əmək bazarının yaradılmasına xidmət edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, bu gün bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqəti və qayğısı ilə əhatə olunub. Fəaliyyətə başladıqdan qısa müddət sonra Komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması Komissiyanın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaradıb. Bu gün Komissiya innovasiya və startapları öz fəaliyyətində geniş şəkildə tətbiq edən dövlət orqanlarındandır. Belə ki, Komissiyanın test imtahanı proqramının istifadəyə verilməsi imtahan nəticələrinin namizədlərə dərhal təqdim edilməsinə imkan yaratmaqla şəffaflığı təmin edən əsas amillərdəndir. Dövlət Qulluqçularının Reyestri proqramının hazırlanması isə dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin edib. Bundan başqa, 2018-ci ildə Komissiyanın internet saytı portala çevrilib və yeni proqram təminatı istifadəyə verilib ki, bu da namizədlərin Komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına imkan yaradıb. Portal elektron ödəniş sistemlərinə inteqrasiya edilib, test imtahanında iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş məbləğin bank kartları vasitəsilə təhlükəsiz şəkildə ödənilməsi təmin olunub.

İsmayıl Qəribli qeyd edib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi, tələbələrlə birgə startapların hazırlanması və həyata keçirilməsi üçün Komissiyada ictimai əsaslarla İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi yaradılıb. Mərkəz “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsini hazırlayıb. Layihənin əsas məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə “səyyari dövlət qulluğu xidməti”nin göstərilməsidir.

Daha sonra Komissiyanın əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi Türkan Gülməmmədli slayd vasitəsilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsi ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, Komissiya üçün yeni internet portalının və proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbulu ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə müsabiqələrdə iştirakına imkan yaradır. Müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini istənilən vaxt “şəxsi kabinet”ə yükləyə bilirlər.

Lakin bəzi namizədlər müsabiqələrdə iştirak etmək üçün müraciət edərkən çətinliklərlə üzləşirlər. Belə ki, onlar, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının olmaması və internetin imkanlarından faydalana bilməmələri səbəbindən bəzi hallarda qeydiyyatdan keçə bilmir və müsabiqələrdə iştiraklarının təmin olunması üçün rayonlardan gələrək Komissiyaya şəxsən müraciət edirlər. Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün sözügedən layihə hazırlanıb.

Layihənin həyata keçirilməsi zamanı Komissiyanın əməkdaşları ilə Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri birlikdə fəaliyyət göstərəcəklər. Tələbələrin arasından seçilmiş könüllülərə Komissiyanın əməkdaşları tərəfindən əvvəlcədən təlim keçiriləcək, onlara qeydiyyat üçün təqdim edilən sənədlər, həmin sənədlərin düzgünlüyünün yoxlanılması, Komissiyanın proqram təminatından istifadə və qeydiyyatdan keçmə qaydaları izah ediləcəkdir. Təlim tamamlandıqdan sonra Komissiyanın əməkdaşları həmin könüllülərlə birlikdə əvvəlcədən müəyyən olunmuş günlərdə rayonlara gedərək müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən vətəndaşlara səyyari xidmət göstərəcəkdir. Səyyari xidmətin qrafiki Komissiyanın internet portalında öz əksini tapacaqdır. “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsində iştirak edən könüllülərə Sertifikatlar və hədiyyələr təqdim olunacaqdır.

Tədbirin sonunda İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinin direktoru, Komissiya sədrinin müavini Ümid Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə bağlı mobil applikasiyanın hazırlanması üçün elan edilmiş müsabiqə barədə məlumat verib. Bildirilib ki, mobil applikasiya elə hazırlanmalıdır ki, Komissiyanın fəaliyyəti, dövlət qulluğuna dair qanunvericilik, test və müsahibə proqramları, müsabiqə elanları və digər məlumatlar orda öz əksini tapa bilsin. Layihələr şəxsən Komissiyaya gəlməklə və ya Komissiyanın internet portalında (www.dqmk.nmr.az) yaradılmış “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər. Əhatəli, ən yaxşı dizayn və interfeysə malik olan layihə qəbul ediləcək və qalib mükafatlandırılacaqdır.

Sonda qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı