Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə xidmətə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilmişdir

2019-05-27

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Gömrük Komitəsi ilə birgə 10 aprel 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 27 may 2019-cu il tarixdən start verilib. Gömrük orqanlarına xidmətə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, gömrük orqanlarında xidmətə yararlı olmasının müəyyən edilməsi şəffaflıq əsasında aparılır.

Müsabiqəyə çıxarılan 35 vakant vəzifənin tutulması üçün 176 namizəd sənəd təqdim etmişdir. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik üzrə 85, informasiya texnologiyaları üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilir. Namizədlərin gömrük orqanlarında xidmət etmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından müvəffəqiyyət qazanan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.

Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 31 may 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı