Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ikinci startap layihəsinin-“DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimi keçirilib

2019-06-19

19 iyun 2019-cu il tarixdə Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ikinci startap layihəsinin-“DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirmişdir ki, bu gün muxtar respublikada gənclərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu “Səyyari dövlət qulluğu könüllülüyü layihəsi” çərcivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal şəkildə əməkdaşlıq edir, könüllü gənclər üçün müxtəlif mövzularda təlimlər keçirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli qeyd etmişdir ki, bu gün Komissiya tərəfindən ikinci startap layihəsi-“DQMK.NMR.AZ” mobil tətbiqi təqdim olunur. Muxtar respublikanın dövlət orqanları arasında ilk dəfə olaraq bu cür layihə həyata keçirilmişdir. Vətəndaşlar “DQMK.NMR.AZ” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə işləyən mobil qurğular vasitəsilə yükləyə bilərlər. Mobil tətbiqin yaradılmasında əsas məqsəd Komissiyanın fəaliyyətinin daha geniş kütlələrə çatdırılması, vətəndaşların elektron xidmətlərdən istifadəsinin asanlaşdırılması və çevikliyin təmin olunmasıdır.

Tətbiqin üstünlüklərindən danışan İsmayıl Qəribli bildirmişdir ki, bundan sonra vətəndaşlar mobil tətbiqi yükləməklə telefon vasitəsilə istənilən yerdən Komissiyanın fəaliyyətini izləyə, xəbərlər, elanlar, müsabiqələr və imtahan nəticələri barədə ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin, gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra mobil tətbiqin hazırlanması üçün elan olunmuş startap müsabiqəsinin qalibi, Naxçıvan Dövlət Universitetinin magistrı Əziz Qasımov slayd vasitəsilə mobil tətbiq barədə geniş məlumat verərək bildirmişdir ki, “DQMK.NMR.AZ” mobil tətbiqi iki hissədən-əsas və köməkçi səhifədən ibarətdir.

Əsas səhifədəki “Xəbərlər və Elanlar” bölməsində Komissiya tərəfindən həyata keçirilmiş tədbirlər və müsabiqələr barədə məlumatlar yerləşdirilir. “Namizədlərin nəzərinə” bölməsində müsabiqə elanları, imtahan qrafikləri və nəticələri öz əksini tapır. “Əsas bölmələr” səhifəsi “Faydalı məlumatlar”, “Aktual keçidlər” və “Naxçıvanın turizm potensialı” yarımbölmələrindən ibarətdir. “Faydalı məlumatlar” yarımbölməsində test imtahanı və müsahibənin keçirilmə qaydaları, vakant vəzifələrin tutulma şərtləri, müəllimlərin işə qəbulu, qiymətləndirilmə bölmələri, “Aktual keçidlər” yarımbölməsində muxtar respublikada yerləşən dövlət orqanlarının portal və saytlarına keçid, normativ hüquqi aktların əldə edilməsi üçün keçidlər, “Naxçıvanın turizm potensialı” yarımbölməsində isə Naxçıvan Muxtar Respublikasının turizm potensialını təbliğ etmək məqsədilə muxtar respublikada yerləşən tarixi abidələr, mehmanxanalar, muzeylər, restoran və kafelər barədə məlumat yerləşdirilmişdir.

Əsas səhifədəki sonuncu bölmə “Startap layihələrinin qəbulu” adlanır. Bu bölmə vasitəsilə hər bir şəxs ideya, təklif və layihələrini Komissiyada yaradılmış İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinə onlayn olaraq göndərə bilər. Köməkçi səhifə isə “Elektron xidmətlər”, “Qanunvericilik”, “Mətbuat xidməti”, “Komissiya ilə əlaqə” və “Komissiya haqqında” bölmələrdən ibarətdir.

Sonda layihə rəhbəri Əziz Qasımov mükafatlandırılmış və qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Mobil tətbiqi "https://play.google.com/store/apps/details?id=az.nmr.dqmk.dqmk" keçidi vasitəsilə yükləmək mümkündür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı