Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

2019-07-02

2 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq bildirib ki, Komissiya tərəfindən 2019-cu ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 5 qərarı ləğv etdirilmişdir.

İsmayıl Qəribli qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Komissiyaya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır.

Ötən dövrdə dövlət orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Komissiya tərəfindən müsabiqə elan olunmuşdur. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmişdir. Müsabiqənin test və müsahibə mərhələrində uğur qazanmış 106 namizəddən 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilmişdir. Onlardan 99-u iddia etdikləri vəzifələrə təyin olunmuş, 1 namizəd təklif olunan vəzifədən imtina etmiş, müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınmışdır.

2019-cu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsində xidmətə, habelə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilən test imtahanlarında sənəd təqdim etmiş 252 namizəddən 240-ı iştirak etmiş, 113 nəfər müvafiq keçid balını toplamışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmiş, qeydiyyatdan keçmiş 458 müəllimdən 445-i test imtahanında iştirak etmiş və 404-ü müvafiq keçid balını toplamışdır.

Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmiş, qeydiyyatdan keçmiş 120 nəfərdən 109-u test imtahanında iştirak etmiş və onlardan 85-i müvafiq keçid balını toplamışdır.

Ötən dövrdə Komissiya tərəfindən dövlət qulluğuna, gömrük, vergi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmətə qəbul və müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş hazırlıq kurslarında ümumillikdə 278 nəfər, həmçinin sınaq imtahanlarında 425 nəfər iştirak etmişdir.

Hesabat dövründə Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi diqqətdə saxlanılmış, 3230 yeni sual ekspertizadan keçirilərək test bankına işlənmişdir.

Komissiya tərəfindən dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması, onların potensialının inkişaf etdirilməsi üçün 1238 dövlət qulluqçusunun iştirakı ilə 13 maarifləndirici seminar keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılmış, Komissiya tərəfindən iki startap layihəsinin -“Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin və “DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimləri keçirilmişdir.

Sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.

Kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı