Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsinin rayonlarda həyata keçirilməsinə başlanılıb

2019-07-05

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şərur rayonunda olmuş, muxtar respublikanın dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara operativ köməklik göstərmişlər.

Layihənin məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Komissiyanın inzibati binasına gələ bilməyən vətəndaşlara yaşadıqları yerlərdə səyyari xidmətin göstərilməsindən ibarətdir. Bu layihənin irəli sürülməsi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisininin qarşısının alınmasına xidmət edir.

Əvvəlcə könüllülər Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunmuş və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilmişdir. Xidmətin həyata keçirilməsi zamanı Komissiya əməkdaşının müşaiyəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olmuş, lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və onların müsabiqədə iştiraklarını təmin etmişlər.

Gün ərzində 29 nəfərə səyyari xidmət göstərilmişdir. Komissiyanın həyata keçirdiyi səyyari xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmiş və onlar xidmətə görə minnətdarlıqlarını bildirmişlər.

Səyyari xidmətin muxtar respublikanın digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Komissiya əməkdaşları və könüllülər 12 iyul 2019-cu il tarixdə Ordubad Rayon Təhsil Şöbəsinin inzibati binasında, 17 iyul 2019-cu il tarixdə isə Culfa rayon Saltaq kənd tam orta məktəbinin binasında vətəndaşlara səyyari xidmət göstərəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı