Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

2019-07-17

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin rayonlarda həyata keçirilməsi uğurla başa çatıb. Komissiyanın əməkdaşları və könüllülər 2019-cu ilin 5 iyul tarixində Şərur rayonunda, 12 iyul tarixində Ordubad rayonunda, 17 iyul tarixində isə Culfa rayonunda vətəndaşlara səyyari xidmət göstərmişlər. Xidmətin məqsədi rayonlarda yaşayan, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən ibarətdir.

Bu layihənin irəli sürülməsi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisininin qarşısının alınmasına xidmət edir. Xidmətin həyata keçirilməsi zamanı Komissiya əməkdaşının müşaiyəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olmuş, lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və onların müsabiqədə iştiraklarını təmin etmişlər.

Bunu da qeyd edək ki, xidmət tətbiq olunmamışdan əvvəl könüllülər Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunmuş və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilmişdir.

Layihə müddətində Şərur, Ordubad və Culfa rayonlarında yaşayan və muxtar respublikanın dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 72 vətəndaşa operativ köməklik göstərilmiş və xidmət vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Növbəti müsabiqə elanları zamanı da vətəndaşlara rayonlarda səyyari xidmətin göstərilməsi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı