Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmişdir

2019-09-06

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 6 sentyabr 2019-cu il tarixdə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmişdir. Artiq ikinci dəfədir ki, muxtar respublikada şahmat fənnini tədris edən müəllimlərin sertifikasiya imtahanları keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanlarında iştirak etmək üçün 95 müəllim qeydiyyatdan keçmişdir. Onlardan 93-ü test imtahanında iştirak etmiş və 83-ü müvafiq keçid balını toplamışdır.
Test imtahanında iştirakçılara 40 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün isə 60 dəqiqə vaxt verilmişdir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı