Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir

2019-09-25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 1 avqust 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 25 sentyabr tarixindən başlayıb.
Test imtahanlarında zabit vəzifələrinin tutulması üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq ilk zabit hərbi rütbəsi almış 35 yaşınadək həqiqi hərbi xidmət keçmiş şəxslər, mülki vəzifələrin tutulması üçün 35 yaşınadək ali təhsilli şəxslər müraciət etmişlər.
Müsabiqəyə çıxarılmış 30 vakant vəzifənin tutulması üçün 83 namizəd sənəd təqdim etmişdir. Zabit və müfəttiş vəzifələri üzrə test imtahanında hər bir namizədə ümumilikdə 100 olmaqla, qanunvericilik üzrə 80, informasiya və kommunikasiya texnologiyalarına aid 5, dünyagörüşü üzrə 10 və məntiqi təfəkkürün yoxlanıması üçün 5 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 2 saat 30 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Test imtahanlarından 70 və daha çox bal toplamış namizədlər keçid balını toplamış hesab edilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsinin tutulması üçün isə hər bir namizədə ümumilikdə 100 olmaqla, qanunvericilik üzrə 40, informasiya və kommunikasiya texnologiyalarına aid 15, Azərbaycan dili üzrə 15 və məntiqi təfəkkürün yoxlanıması üçün 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının 80 faizini (80 bal), düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Onu da qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılmışdır.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.
Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları 28 sentyabr 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı