Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Universitetdə tədbir keçirmişlər

2019-10-25

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün 2015-ci ildən başlayaraq bugünədək müxtəlif sahələrdə praktiki biliklər əldə etmələri və ixtisaslarına yüksək səviyyədə yiyələnmələri üçün bir sıra işlər görülmüş və hazırda da davam etdirilməkdədir.
Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə 25 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamını imzalamış və sözügedən Sərəncamla bir çox ixtisas muxtar respublikanın dövlət orqanlarına hamiliyə verilib. Bu Sərəncam ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli Azərbaycan Respublikasında “Dövlət qulluğu sistemi” mövzusunda hazırladığı slaydlar vasitəsilə ölkədə dövlət qulluğu sisteminin inkişafı, tarixi, dövlət idarəetməsi sistemi, dövlət qulluğu, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlər barədə ətraflı məlumat vermişdir.
Sonra “Bələdiyyə idarəetməsinin xüsusiyyətləri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyələrin yaradılması prinsipləri, rolu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsasları, onun həyata keçirilməsi üçün dövlət təminatları barədə məlumat vermişdir.
Daha sonra Ədliyyə Nazirliyinin əməkdaşı Ayaz Məhərrəmov “Yerli özünüidarəetmə konstitusiyalı quruluşun əsaslarından biri kimi” mövzusunda çıxış edərək bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində qanunla onlara verilən səlahiyyətlərdən səmərəli istifadə etməsindən və ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı