Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanları keçirilir

2019-10-31

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün 4 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 31 oktyabr tarixindən start verilmişdir.
Müsabiqəyə çıxarılmış 148 vakant vəzifənin tutulması üçün 225 namizəd sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər müvafiq keçid balını toplamış hesab olunacaqlar. Səhv cavablar düzgün cavablara təsir etmir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır.
Dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilirlər.
Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir.
Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 7 noyabr 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı