Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin rayonlarda keçirilməsi davam etdirilir

2019-11-25

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu 25 noyabr tarixində Şərur Rayon Təhsil Şöbəsinin inzibati binasında olmuş, xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu, eləcə də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilmişdir.
Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və qeydiyyatdan keçirtməklə müsabiqələrdə iştiraklarını təsdiq etmişlər.
Gün ərzində 11 nəfərə səyyari elektron xidmət göstərilmişdir.
Onu da qeyd edək ki, bugünədək rayonlarda həyata keçirilən səyyari xidmət layihələrində sənəd qəbulu zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması, vaxt və maliyyə itkisininin qarşısının alınması məqsədilə rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən 80 vətəndaşa səyyari elektron xidmət göstərilmişdir. Səyyari xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaratmışdır.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyari xidmətin növbəti ünvanı 27 noyabr Şahbuz rayon və 29 noyabr Ordubad rayon təhsil şöbələrinin inzibati binaları olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı