Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Gənc dövlət qulluqçuları arasında “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” başa çatıb

2019-11-28

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”nin sonuncu mərhələsi 28 noyabr 2019-cu il tarixdə Naxçıvan Gənclər Mərkəzində keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, son illər muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilmiş, maddi-texniki baza gücləndirilmişdir. Dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmış, onların sosial təminatı və inkişafı diqqətdə saxlanılmışdır.
İ.Qəribli qeyd edib ki, “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, dünyagörüşü və zehni inkişafı stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilmişdir. Gələcəkdə də dövlət qulluqçuları arasında bu cür intellektual yarışların təşkili nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd etmişdir ki, muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər.
Daha sonra C.Quliyev “Xəmsə” intellektual oyununun qaydaları barədə məlumat vermişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”bu sahədə indiyədək keçirilmiş ən genişmiqyaslı tədbirdir. Belə ki, intellektual yarışmada ilk dəfə olaraq 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak etmişdir. “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu 15 noyabr 2019-cu il tarixdə, “Breyn Rinq” intellektual oyunu 22 noyabr 2019-cu il tarixdə keçirilmişdir. Yekun mərhələ olan “Xəmsə” intellektual oyununun nəticələrinə görə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birinci yer, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ikinci yer, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi isə üçüncü yer tutmuşdur.
Qalib komandalara kubok, medal, diplom və fəxri fərmanlar təqdim olunmuşdur. Əlavə olaraq,“İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”ndə 1-ci yeri tutmuş qalib komandaya 120 AZN, 2-ci yeri tutmuş qalib komandaya 90 AZN, 3-cü yeri tutmuş qalib komandaya isə 60 AZN dəyərində “Saat Meydanı” turistik istirahət mərkəzində yemək kuponu hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı