Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan tədbir keçirilib

2019-12-05

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev və Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək könüllü gəncləri uğurlu fəaliyyətlərinə görə təbrik edib. Qeyd olunub ki, gənclərin dövlət qulluğu səriştəsinə yiyələnməsi, onlarda vətənpərvərlik və dövlətçiliyimizə sədaqət ruhunda bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq kimi bacarıqların artırılması baxımından “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” gənclərə böyük töhfələr verir.
Layihənin irəli sürülməsində məqsəd vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisininin qarşısının alınması, habelə elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə “səyyari dövlət qulluğu xidməti”nin göstərilməsidir. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondundan layihənin həyata keçirilməsi üçün bir qrup könüllü cəlb olunmuşdur. Könüllülər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları ilə birlikdə il ərzində Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında olmuş və orada yaşayan 109 nəfərə operativ köməklik göstərmişlər. İ.Qəribli qeyd etmişdir ki, könüllülər layihədə iştirak edərkən dövlət orqanlarının bir sıra funksiyalarını həyata keçirirlər ki, bu da gələcəkdə onların yüksək səviyyəli kadr kimi formalaşmasına səbəb olacaq və dövlət orqanlarında işə qəbul zamanı əlavə üstünlüklər yaradacaqdır.
Tədbir müddətində könüllülük proqramlarının iştirakçılarının fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.
Sonra könüllülük proqramlarının iştirakçıları müxtəlif nominasiyalar üzrə təltif ediliblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, eləcə də könüllü gənclərin ifaları dinlənilib. Müxtəlif rəqslər, maraqlı oyunlar, müsabiqələrlə davam edən tədbir könüllü gənclər tərəfindən əyləncə proqramı ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı