Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Dövlət Universitetinin tələbələrinin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçdikləri istehsalat təcrübəsi başa çatmışdır

2019-12-19

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 12 noyabr-19 dekabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunmuşdur.
İstehsalat təcrübəsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın tədbirlər planına uyğun olaraq tələbələr müvafiq şöbələrin fəaliyyət istiqamətləri ilə tanış olmuş, onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun aparılması, “şəxsi kabineti”in yaradılması, dövlət reyestrinin aparılması, müsahibə mərhələsi, müsahibədə iştirak etmək üçün müraciətin edilmə qaydası, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilmiş və slaydlar vasitəsilə dərslər keçirilmişdir. Tələbələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanlarının keçirilməsini əyani olaraq izləmişlər. Yekunda tələbələrin bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə müsabiqə keçirilmişdir.
İstehsalat təcrübəsinin son günü keçirilən tədbirdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli qeyd etmişdir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yarandığı gündən muxtar respublikada kadr siyasətinin həyata keçirilməsini, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə yolu və şəffaflıq əsasında seçilməsini, dövlət qulluğunun xüsusi növünə aid olan orqanların elan etdiyi müsabiqələrin test imtahanı mərhələsinin təşkil edilməsini və qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etmişdir. Hazırda muxtar respublikada demək olar ki, bütün sahələrə - dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növünə aid orqanlara, ümumtəhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
İsmayıl Qəribli bildirmişdir ki, sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçirilir, istehsalat təcrübəsi təşkil olunur, tələbələr dərslik və dərs vəsaitləri ilə təmin edilirlər.
Naxçıvan Dövlət Universitetinin əməkdaşı Leyla Əliyeva yaradılmış şəraitə görə təşəkkür edərək istehsalat təcrübəsinin tələbələrin praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Sonda tələbələr arasında keçirilmiş müsabiqənin qaliblərinə Sertifikatlar verilmiş və oxunması zəruri olan kitablar hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı