Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant vəzifələrinin tutulması üçün keçirilən test imtahanları başa çatmışdır

2019-12-28

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında 225 vakant vəzifənin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları başa çatmışdır. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər), Dövlət Sosial Müdafiə Fondu (40 nəfər) və Gənclər və İdman Nazirliyi (34 nəfər) üstünlük təşkil etmişdir.
İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla ümumilikdə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.
Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 574 namizəd sənəd təqdim etmiş, onlardan 557-si test imtahanında iştirak etmişdir. Test imtahanlarında müvafiq keçid balını toplamış 269 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. İnzibati vəzifələrin altıncı təsnifatı üçün keçid balı 75 və 80, yeddinci təsnifatı üçün isə 65 və 70 olmuşdur.
Test imtahanından müvəffəqiyyət qazanmış namizədlər imtahanın nəticələri elan edildiyi gündən 10 iş günü müddətində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı