Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı yanvar ayının 7-də kollegiya iclası keçirilmişdir

2020-01-07

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq bildirib ki, 2019-cu il ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 6 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 7 qərarı ləğv etdirilmişdir.
İ.Qəribli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya imtahanların dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır. 2019-cu il ərzində dövlət qulluğuna, hüquq mühafizə orqanlarına, ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 11 test imtahanında 2391 nəfər iştirak etmiş, 1053 nəfər müvafiq keçid balını toplamışdır. İmtahanlarda uğur qazanmış 359 namizəd müvafiq vakant vəzifələrə təyin olunmuşdur. Hesabat dövründə dövlət qulluğuna, ümumtəhsil müəssisələrinə, həmçinin səfərbərlik, gömrük, vergi orqanlarına işə qəbul üçün təşkil olunmuş hazırlıq kurslarında ümumillikdə 376 nəfər, keçirilmiş sınaq imtahanlarında isə 704 nəfər iştirak etmişdir. İmtahanlarda şəffaflığın təmin edilməsi, namizədlərin bilik səviyyəsinin ətraflı yoxlanılması, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədilə il ərzində 8494 sual test bankına işlənmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən iki startap layihəsinin - “DQMK.NMR.AZ” mobil tətbiqinin və “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimat mərasimləri keçirilmişdir. “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsi çərçivəsində Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında yaşayan və elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 109 vətəndaşa operativ köməklik göstərilmişdir.
İsmayıl Qəribli qeyd etmişdir ki, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmiş, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmiş, keçirilən 13 maarifləndirici seminarda 1238 dövlət qulluqçusu iştirak etmişdir.
Sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.
Yekunda qarşıda duran vəzifələr müzakirə olunmuş, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2020-ci il üçün İş Planı təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı