Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarına start verilib

2020-01-09

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 6 noyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 9 yanvar 2020-ci ildən start verilib. Muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.
Müsabiqəyə çıxarılan 229 vakant vəzifənin tutulması üçün 283 namizəd sənəd təqdim etmişdir. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir.
Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (44), İnformatika (38), İngilis dili (33), Azərbaycan dili (29) və Fiziki tərbiyə (29) ixtisasları üzrə müraciətlər qeydiyyata alınmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilir. Namizədlərə test suallarıni cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 55 faizini (44 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (60 bal), təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul o cümlədən, rus bölməsində müəllim işləmək üçün test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müvafiq keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndəriləcəkdir.
Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları 24 yanvar 2020-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı