Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilmişdir

2020-01-21

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 18 oktyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi 21 yanvar 2020-ci il tarixdə Naxçıvan Musiqi Kollecində keçirilmişdir. Qeyd edək ki, müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim etmişdir. 25-26 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak edən 60 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak etmişlər.
Qanunvericiliyə əsasən, müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılmışdır. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılmışdır. Bu mərhələdə namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilmişdir. Mühasibənin nəticələri beşballıq sistem əsasında qiymətləndirilmiş, hər bir namizəd üçün ümumi bal çıxarılmış, nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə və müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilmişdir. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Müsahibə mərhələsində 12 nəfər iştirak etmiş, müvafiq keçid balını (12 və ya daha çox) toplayaraq uğur qazanmış 8 namizədin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı