Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

“Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir

2020-01-29

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir. 29 yanvar 2020-ci il tarixdə keçirilən seminarda 36 dövlət orqanının bu sahə üzrə məsul əməkdaşları iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında düzgün tətbiqi ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 2019-cu ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı keçirilən 13 seminarda 1238 dövlət qulluqçusu iştirak etmişdir. Lakin buna baxmayaraq, bəzi hallarda qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir. Belə ki, 2019-cu il ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 6 dövlət orqanının normativ hüquqi aktlara uyğun olmayan 7 qərarı ləğv etdirilmişdir. Bugünkü seminarın əsas məqsədi qanunvericiliyin tələblərinin dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
Daha sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Orxan Abdullayev hazırlanmış slayd vasitəsi ilə “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları”ını izah etmişdir. Seminarda kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları, o cümlədən dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması barədə geniş məlumat verilmişdir. Çıxışda kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması zamanı müşahidə olunan nöqsanlar sadalanmışdır.
Sonda geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Seminara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı