Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

İmtahanların obyektivliyi və şəffaflığı təmin edilir

2020-02-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanvar ayında da davam etdirmişdir. Ötən ay dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı dəyişdirilmişdir.
Yanvar ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanında 13 namizəd iştirak etmiş, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə 229 vakant vəzifə çıxarılmış, 130 vəzifənin tutulması üçün 283 sənəd təqdim edilmişdir. Test imtahanlarında 266 namizəd iştirak etmiş, 131 nəfər müvafiq keçid balını toplamışdır. Həmçinin dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə mərhələsində 12 nəfər iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplamışdır.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 5 daxili müsahibədə və sektor müdiri vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanlarında müvəffəqiyyət qazanaraq Sertifikat əldə etmiş şəxslərin müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı