Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir

2020-02-20

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 20 fevral 2020-ci il tarixindən start verilib. Müsahibədə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil etmişdir.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Müsahibəyə hazırlıq məqsədi ilə 12 fevral 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iclas zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilmişdir.
Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 23 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 225 vakant vəzifənin tutulması üçün 574 namizəd sənəd təqdim etmişdir. Test mərhələsində müvafiq keçid balını toplamış 269 namizəddən 267-si müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmişdir. Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 20 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilmişdir. Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş, proqramda ümumi, dövlət orqanı və vəzifə üzrə ədəbiyyat siyahıları göstərilmişdir.
Digər dövlət orqanları üzrə müsahibələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 6 mart 2020-ci il tarixinədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı