Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı mərhələsi keçirilib

2020-02-24

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin esse mərhələsi 24 fevral 2020-ci il tarixdə keçirilib.
Müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün test imtahanında 8 namizəd iştirak etmiş və 2 nəfər uğur qazanmışdır. Keçid balını toplamış 2 namizəd esse mərhələsində iştirak etmişdir. İmtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılmış, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilmişdir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən mövzular təqdim edilmişdir. İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməlidirlər.
Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınmış və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilmişdir.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı