Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb

2020-03-11

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 20 fevral–6 mart 2020-ci il tarixlərdə keçirilmişdir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil etmişdir.
Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün vakant vəzifələr üzrə müsahibə proqramları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmişdir. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilmişdir. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak etmiş, müsahibə prosesinin videoçəkilişi aparılmışdır. Müsahibənin nəticələri haqqında məlumatlar gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmişdir.
Qeyd edək ki, 23 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 225 vakant vəzifənin tutulması üçün 574 namizəd sənəd təqdim etmişdir. Test mərhələsində müvafiq keçid balını toplamış 269 namizəddən 266-sı və əvvəlki müsabiqələrdə sertifikat əldə etmiş 20 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini təqdim etmişdir. Müsahibə mərhələsində 213 namizəd iştirak etmiş və 62 nəfər uğur qazanmışdır. Onların 24-ü qadın, 38-i kişi, 58-i isə gənclərdir. Həmin şəxslərin sənədləri vakant vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarına göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı