Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülər tərəfindən Şərur rayonunda vətəndaşlara səyyari xidmət göstərilib

2020-07-21

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şərur rayonunda olublar. Xidmət zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara qeydiyyatdan keçməkdə operativ köməklik göstərilmişdir.
Xidmətin həyata keçirilməsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olmuş, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq etmişlər.
Gün ərzində 49 vətəndaşa səyyari xidmət göstərilmişdir.
Xidmət zamanı namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, bu layihə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir. Xidmətin növbəti ünvanı 24 iyul 2020-ci il tarixdə Ordubad rayonu olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı