Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

2020-07-27

27 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq bildirib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2020-ci ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 5 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 9 qərarı ləğv etdirilmişdir.
İsmayıl Qəribli qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır.
2020-ci ilin 6 ayı ərzində dövlət orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan olunmuş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və ümumtəhsil müəssisələrinə işə qəbul üçün keçirilən 5 test imtahanında 503 nəfər iştirak etmiş, 292 nəfər keçid balını toplamışdır. Hesabat dövründə 110 nəfər dövlət qulluğuna qəbul olunmuşdur ki, onlardan 66-sı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində, 8-i birbaşa təyinat yolu ilə, 36-sı isə yerli icra hakimiyyəti orqanları tərəfindən işə götürülmüşdür. 99 nəfər dövlət qulluğunda irəli çəkilmiş, 319 nəfərə ixtisas dərəcəsi verilmiş, 112 nəfərin dövlət qulluğuna xitam verilmişdir.
Ötən dövrdə test imtahanları zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədi ilə test bankı təkmilləşdirilmişdir. Dövlət qulluğunun xüsusi növünə aid olan orqanlara qəbul üçün test imtahanlarının təşkil edilməsi məqsədilə 1009 yeni sual test bankına işlənmiş və 1000 sual ekspertiza edilmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vətəndaşların dövlət qulluğu və vergi orqanlarına, eləcə də ümumi təhsil müəssisələrinə işə qəbulu üçün təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 108 nəfər iştirak etmişdir.
Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 6 maarifləndirici tədbir, seminar və videotəlimdə ümumilikdə 201 dövlət qulluqçusu iştirak etmişdir. Keçirilən bütün tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadə olunmuş və digər sanitar-gigiyenik tələblərə əməl edilmişdir.
Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.
İsmayıl Qəribli kollegiya iclasına yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı