Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Muxtar respublikada müəllimlərin işə qəbulu üçün test imtahanları başlayıb

2020-08-31

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilmişdir. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdır. Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olmuşdur. Müsabiqədə iştirak etmək üçün 742 namizəd sənəd təqdim etmişdir ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdır. Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (146 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyata alınmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Qeyd edək ki, test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanında namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.
Test imtahanları 16 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı