Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Dövlət orqanlarının ixtisaslı kadrlarla təmin olunması diqqətdə saxlanılır

2020-09-07

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri avqust ayı ərzində də davam etdirmişdir.
Komissiyanın test mərkəzində 17-22 avqust tarixlərdə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir. Test imtahanlarında iştirak üçün 101 nəfər sənəd təqdim etmişdir. Onlardan 88-i test imtahanında iştirak etmiş və 84 müəllim keçid balını toplamışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 9 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün avqustun 24-də test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 20 namizəddən 19-u test imtahanında iştirak etmiş, 7 nəfər müvafiq keçid balını toplamışdır.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün cari ilin iyun ayının 30-da elan edilmiş müsabiqənin test imtahanlarına 31 avqustda start verilmişdir. Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün 746 namizəd sənəd təqdim etmişdir. Test imtahanları sentyabr ayının 16-dək davam edəcəkdir.
Komissiya tərəfindən 28 avqustda vakant sektor müdiri vəzifəsinin tutulması üçün 1 nəfərin iştirakı ilə test imtahanı keçirilmişdir.
Ötən ay ərzində dövlət qulluğu, vergi və eləcə də müəllimlərin işə qəbulu sahəsində komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumillikdə, 153, sınaq imtahanlarında 112 nəfər iştirak etmişdir.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 10 daxili müsahibədə komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin olunmuşdur.
Ay ərzində Naxçıvan Muxtar Respublikasının dövlət musiqi təhsili müəssisələrinə işə qəbul və dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu davam etdirilmişdir.
Keçirilən bütün tədbir və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadəyə və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı